Ukraynalı boksçu, ağır çəkidə mütləq dünya çempionu Oleksandr Usık Polşada həbs edilmişdi.
“Report” xəbər verir ki, bu barədə Ali Radanın xalq deputatı, Ukrayna parlamentinin gənclər və idman komitəsi sədrinin birinci müavini Jan Belenyuk özünün teleqram kanalında yazıb.
“Oleksandr Usık Krakov hava limanında həbs edilib”, – paylaşımda bildirilib. O, hadisənin baş verdiyi şəraitin dəqiqləşdirildiyini bildirib.
Daha sonra Ukrayna lideri Volodimir Zelenski teleqramda boksçunun artıq azad edildiyini açıqlayıb.
“Oleksandr Usık saxlanılan zaman onunla telefonla danışdım. Vətəndaşımıza və çempionumuza qarşı bu münasibət məni hiddətləndirdi.
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və Ukraynanın daxili işlər naziri İhor Klimenkoya Krakov hava limanında baş vermiş insidentin bütün təfərrüatlarını dərhal araşdırmağı tapşırdım.
Bayaq mənə dedilər ki, hər şey qaydasındadır, çempionumuz azadlığa çıxıb və onu daha heç kim saxlamır”, – Zelenski vurğulayıb.
Bizim Telegram kanalımıza abunə olun