IMG-LOGO

Qızını bıçaqlayan ata: “Qan çıxmasaydı dayanmayacaqdı”

17.09.2024 18:13 32 baxış
IMG

Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəməsi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.

Şahid Mətanət Məmmədova təqsirləndirilən şəxslə qonşu olduğunu deyib:

“Bu ailə namaz qılandır. 5 ildir ki, qonşuyam heç bir problemlərini görməmişəm. Çox mülayim insanlar olub. Qızı Rəna xanımı tanıyıram. Çox heyvansevərdi. Başıaşağı işə gedib gəlib.

Evdə idik. Bunlarla qapı bir qonşuyuq. Gördüm qapı döyülür. Dəhlizdə qışqırıq başladı. “Qızın əxlaqsızdı, şəkilləri var məndə” deyilirdi. Biz də səsə çıxdıq. Gördük ki, gələn Mirələm Ərkinazdı. Rəna atasına yalvardı ki, ata yalan deyirlər. Biz dedik ki, ailədə dava salma. Səs-küyü yığışdırın gedin evə. Bir də gördük evdən qışqırıq gəlir. İçəri girdik ki, atası Rənanı bıçaqlayıb”. 

Prokuror Mətanət Məmmədovanın istintaqdakı ifadəsi ilə indikinin ziddiyət təşkil etdiyini deyib. Mətanət Məmmədovaya istintaqdakı ifadəsi göstərildiyi zaman onu qismən təkzib edib:

“Mən belə ifadə verməmişəm. Müstəntiqə inandım oxumadan imzaladım”.

Məhkəmə prosesini işıqlandırdığı üçün Rəna Cavadova jurnalistlərin zaldan çıxmasını tələb edib. Açıq məhkəmə iclası olduğu üçün tələb nəzərə alınmayıb.

Prosesin davamında təqsirləndirilən şəxs Rafael Cavadov əsəblərinə hakim olmadan danışmağa başlayıb:

“Yüz dəfə deyirdim ki, qızım bəsdi. 6 il mənlə dalaşdın. Get, baş örtüyünü aç. Sən ona layiq deyilsən. Mərdi qovub namərd elədilər. Qan çıxmamış dincəlməyəcəkdi”.

Prosesdə qalmaqal düşdüyü üçün oktyabrın 8-ə təxirə salındı.

Ötən prosesdə ifadə verən zərərçəkmiş Rəna Cavadova deyib ki, atası telefonunda onun açıq-saçıq şəkillərini gördüyü üçün bu addımı atıb:

"Atam telefonumda açıq-saçıq şəkillərimi görüb. Mən həmin şəkillərimi heç yerdə paylaşmamışdım. Mənə bıçaqla xəsarət yetirəndə yanımızda heç kim yox idi. Mən üzümü tutmuşdum, 5 bıçaq zərbəsi vurub mənə. Sonra isə qonşu gəldi. Mənim ondan heç bir şikayət və tələbim yoxdur”.

Sorğu-sual zamanı məlum olub ki, zərərçəkmiş R.Cavadova 6 il öncə həyat yoldaşından ayrılıb. Onun özündən 14 yaş kiçik şəxslə sevgi münasibəti olub. Həmin şəxsin atası M.Quliyev Rənanın atasına yaxınlaşaraq qızının açıq-saçıq fotolarının onun oğlunun telefonunda olduğunu bildirib. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək qızını öldürmək istəyib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti