Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Bakıdakı təlim-məşq toplanışını dəyərləndirib.
Mütəxəssis “Report”a açıqlamasında heyətə yeni oyunçular cəlb etdiyini və onların gələcəkdə komandanın özəyini təşkil edəcəklərinə inandığını deyib.
“Sentyabrın 10-dan təlim-məşq toplanışına başlamışıq. Ayın 17-də Çexiyanın Zlin şəhərinə yola düşəcəyik. Sentyabrın 19-da və 20-də Çexiya millisi ilə yoldaşlıq görüşü keçirəcəyik. Heyətdə 4 yeni futzalçı var - “Neftçi”dən Mirzə Əmirovla Nurlan Mehdizadə və “Baku Fire”dən Eldar Zeynalovla Fərid Abbasov. Gəncdirlər, məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Milli səviyyəsində ilk oyunlarına çıxacaqlar. İnanıram ki, gələcəkdə komandanın özəyini təşkil edəcəklər" - V.Borisov vurğulayıb.
42 yaşlı məşqçi komandanın fiziki durumunu da dəyərləndirib:
“Komandanın fiziki cəhətdən 100 faiz hazır olduğunu deməzdim. Öz klublarında fiziki məşqlər edirlər. Yığmada da normal hazırlıq keçdilər. Düzdür, “yüklənmə” oldu, amma bu, təbii haldır. Bu gündən taktiki məşqlərə başlayacağıq”.
O, Çexiya ilə yoldaşlıq matçları haqqında da fikirlərini bölüşüb:
“Çexiya yığmasını hələ təhlil etməmişik. Səhv etmirəmsə, onlar da ilk oyunlarını keçirəcəklər. Nə dünya çempionatında, nə də yoldaşlıq matçlarında iştirak ediblər. Avropanın orta səviyyəli komandasıdır. Fiziki cəhətdən həmişə yaxşı olublar. Futzalçı kimi onlara qarşı üç dəfə oynamışam. Həmin matçların ikisində qələbə qazanıb, birində məğlub olmuşduq. Çexiyaya qarşı oyunlarımız həmişə çətin keçib”.
V.Borisov heyətin tamamilə gəncləşdirilməsinin riskli addım olduğunu söyləyib:
“Heyətdə yalnız Kənan Manafov zədəlidir. Digərlərinin ciddi problemləri yoxdur. Yəqin ki, hələlik başqa futzalçı götürməyəcəyik. 5-6 nəfər 22 yaşa qədər olan oyunçularımız var. Heyəti tamamilə gəncləşdirmək riskdir. Balansın yaranması üçün təcrübəli futzalçılar da lazımdır”.
Qeyd edək ki, sentyabrın 10-dan təlim-məşq toplanışına başlayan yığma Bakıdakı hazırlıqları başa vurduqdan sonra ayın 17-də Çexiyaya yollanacaq. V.Borisovun rəhbərlik etdiyi kollektiv sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya ilə yoldaşlıq görüşü keçirəcək.
Bizim WhatsApp kanalımıza abunə olun