Dəbdəbəli avtomobil dünyasının ikonik markası olan Aston Martin gözlənilən yeni modeli “Vanquish 2025”-i təqdim edib.
Lent.az xəbər verir ki, gözəl dizaynı və üstün performansı ilə diqqət çəkən “Vanquish” yüksək qiyməti ilə də ön plana çıxıb.
Aston Martin-in ənənəvi dizayn xətlərini müasir zövqlə birləşdirən “Vanquish” kəskin xətləri, aqressiv ön barmaqlığı və aerodinamik quruluşu ilə göz qamaşdırır.
İstismar müddəti 2023-cü ildə başa çatan DBS modelini əvəz edəcək avtomobil son dövrlərin ən güclü Aston Martin modellərindən biridir.
Avtomobil 835 at gücü hasil edə bilən 5,2 litrlik iki turbolu V12 mühərriklə təchiz edilib. Burada mühərrik 8 pilləli avtomatik transmissiya ilə birləşdirilib.
“2025 Vanquish”, 835 at gücünə malik nəhəng gücü ilə onun ən böyük rəqibi olacaq 818 at gücünə malik “Ferrari 12 Clindir”lə mübarizə aparır.
Saatda 344 kilometr sürətə çata bilən “Vanquish” 0-dan 100 kilometrə cəmi 3,4 saniyəyə çatır.
Bu performans göstəriciləri “Vanquish”i öz sinfinin ən sürətlilərindən birinə çevirsə də, ən yaxın rəqibi ilə müqayisədə bir neçə saniyə geri qalır.
İnteryerdə Aston Martinin yeni istifadəçi interfeysi ilə 10,2 düymlük məlumat monitoru var.
Yeni Vanquish məhdud sayda, yəni 1000 ədəd istehsal ediləcək. Avtomobilin qiymətinin 420 min dollar olduğu açıqlanıb.