IMG-LOGO

KİV: Britaniya qırıcı təyyarə istehsalından imtina edə bilər  

31.08.2024 01:55 36 baxış
IMG

Böyük Britaniya hökuməti büdcə vəsaitlərinin çatışmazlığı səbəbindən xərcləri azaltmaq üçün yeni nəsil “BAE Systems Tempest” ("Fırtına") qırıcısının istehsalında imtina edə bilər.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Britaniya hökuməti oktyabr ayında büdcə mesajında müdafiə proqramlarının maliyyələşdirilməsinin azaldığını elan edə bilər.

Nəşrin yazdığına görə, Böyük Britaniya hökumətinin hərbi ehtiyaclar üçün xərcləri artıracağını və 2030-cu ilə qədər müdafiə xərclərinin ÜDM-in 2,5%-nə qədər artmasına nail ola biləcəyini güman etmək üçün heç bir əsas yoxdur. Qəzet qeyd edib ki, Britaniya Müdafiə Nazirliyi dəyəri 50 min funt sterlinqdən (65 min dollar) çox olan bütün layihələrin auditini aparır.

Xatırladaq ki, avqustun 27-də Krallığın Baş naziri Kir Starmer ölkə iqtisadiyyatının gözləniləndən daha acınacaqlı vəziyyətdə olduğunu bildirib. O qeyd edib ki, bununla bağlı hökumət bir sıra vergilərin artırılmasına eyham vuraraq bəzi tədbirlərə getməyə məcbur olacaq. Starmer qeyd edib ki, iyulun 4-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan leyborist hökumətinə mühafizəkarlardan büdcədə 22 milyard funt sterlinq (29 milyard dollar) "qara dəlik" miras qalıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti