Honduras, Amerikanın ölkənin daxili işlərinə müdaxiləsinə görə ABŞ-la ekstradisiya müqaviləsini ləğv edəcək.
“Report” xəbər verir ki, bunu ölkə prezidenti Siomara Kastro deyib.
“Konstitusiyamıza və beynəlxalq müqavilələrə əsasən, mən xarici işlər naziri Enrike Reynaya ABŞ-la ekstradisiya müqaviləsini denonsasiya etməyi tapşırmışam” - deyə, o vurğulayıb.
Prezidentin bəyanatları ABŞ-ın Tequsiqalpadakı səfiri Laura Doqunun Honduras hərbi liderləri ilə Venesuela müdafiə naziri Vladimir Padrino Lopez arasında keçirilən görüşlə bağlı tənqidindən sonra olub.
Avqustun 20-də Karakasda Honduras müdafiə naziri Xose Manuel Zelaya və Baş Qərargah rəisi Ruzvelt Hernandezin venesuelalı həmkarı ilə görüşü baş tutub. Amerikalı diplomat bu görüşdə öz çaşqınlığını ifadə edərək qeyd edib ki, onun üçün “müdafiə naziri və Baş Qərargah rəisinin Venesuelada narkotik alverçisinin yanında oturması gözlənilməz olub”.
Siomara Kastro bildirib ki, ABŞ-ın səfirlik və digər nümayəndələr vasitəsilə müdaxiləsi və Honduras siyasətini istiqamətləndirmək niyyəti qəbuledilməzdir.
Bizim Telegram kanalımıza abunə olun