IMG-LOGO

KİV: Rəisinin helikopterinin qəzaya uğraması bədbəxt hadisə hesab edilib

21.08.2024 20:52 36 baxış
IMG

İranın sabiq Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi ilə bağlı istintaq tamamlanıb və hadisə bədbəxt hadisə kimi təsbit edilib.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyinə İranın xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

“Təhlükəsizlik və kəşfiyyat xidmətləri təfərrüatlı araşdırmanı başa çatdırıb və hadisənin qəza olduğuna dair tam əminlik var”, - mənbə söyləyib.

Onun sözlərinə görə, Rəisinin helikopterində sərnişinlərin sayı normadan artıq olduğu üçün nəqliyyat vasitəsi lazımi hündürlüyə yüksələ bilməyib və pis hava şəraitində dağa çırpılıb.

Qeyd edək ki, İranın xüsusi xidmət orqanları “Rəisi işi” ilə bağlı 30 min adamı dindirib, bütün ifadələr helikopterin qəzaya uğramasında insan faktorunun olmadığını göstərir.

Xatırladaq ki, mayın 19-da Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə prezidentdən başqa xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Əl-Haşim, prezidentin mühafizə rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun general Mehdi Musəvi, həmçinin ekipaj komandiri polkovnik Səid Tahir Mustafavi, ikinci pilot polkovnik Möhsün Dəryanuş və texnik Bəhruz Hadi olub. Qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri ölüb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti