ABŞ hakimiyyəti Donald Tramp administrasiyasının Amerikanın Arktikadakı mövcudluğunu gücləndirmək səyləri çərçivəsində Qrenlandiyada dəyəri 500 milyon dollara qədər olan hərbi tikinti proqramının həyata keçirilməsi imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Newsweek" jurnalı satınalma sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, layihə Qrenlandiyanın şimal-qərbindəki "Pituffik" kosmik bazasının modernləşdirilməsini, o cümlədən döyüş təyyarələrinə texniki xidmət göstərilməsi üçün yeni anqarların və ixtisaslaşdırılmış obyektlərin tikintisini nəzərdə tutur.
Tikinti işlərinin ilkin dəyəri 250-500 milyon dollar məbləğində qiymətləndirilir.
Satınalma proseduru sentyabrın 15-də başlayıb və Danimarka ilə Qrenlandiya şirkətlərindən təkliflərin qəbulunu nəzərdə tuturdu. Sənaye nümayəndələri ilə məsləhətləşmələr oktyabrın əvvəlində başa çatıb.
Sənədlərdə həmçinin təyyarələrə xidmət göstərilməsi və məxfi hərbi əməliyyatların təmin edilməsi üçün infrastrukturun yaradılması da qeyd olunur.
Texniki tələblərdə Amerikanın "F-35" qırıcılarında istifadə olunan avtonom logistik informasiya sistemi yer alır. Bununla belə, Vaşinqton hələlik bu təyyarələrin Qrenlandiyada yerləşdirilməsi planlarını rəsmən təsdiqləməyib.
Mənbə: report.az