Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy hesab edir ki, Rusiya səfirinin respublikadan çıxarılması ölkənin təhlükəsizlik problemlərini həll etməyəcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, bunu hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
"Əgər Rusiya səfirinin Moldovadan çıxarılmasının ölkəmizdə təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdıracağına əmin olsaydıq, yəqin ki, belə bir qərar çoxdan qəbul edilərdi", - Popşoy deyib.
Bununla yanaşı, o, Rusiyanın Kişineuya təyin olunmuş səfiri Oleq Ozerovun Moldovadan çıxarılacağı təqdirdə moldovalı diplomatların Rusiyada işləyə bilməyəcəkləri ilə bağlı verdiyi bəyanatları şərh etməkdən imtina edib.
"Onun bu cür xoşagəlməz bəyanatları nə ilk, nə də sonuncudur", - moldovalı nazir qeyd edib.
Mənbə: report.az