IMG-LOGO

Antonio Koşta Cənubi Qafqazda gedən prosesləri "tarixi" adlandırıb

04 May 2026 13:13 5 baxış
IMG

Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün cari proseslər "tarixi" əhəmiyyət daşıyır.

"Report"un Avropa bürosunun məlumatına görə, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammitində çıxışında bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin daha da normallaşmasını alqışlamaq lazımdır.

"Mən Ermənistanın Baş naziri Nikol Paşinyana sammitin burada, İrəvanda keçirilməsinə görə və Azərbaycan Prezidenti İlham Əliyevə videobağlantı vasitəsilə sammitdə iştirak etdiyinə görə səmimi qəlbdən təşəkkür etmək istərdim", - A.Koşta bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşma "tarixi" xarakter daşıyır, çünki o, qlobal qeyri-sabitlik fonunda regionu sülhə doğru irəlilətməyə imkan verib: "Bu saziş - Avropada sülh tarixidir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması və bu saziş sayəsində region transformasiya yoluna qədəm qoyub".

A.Koşta vurğulayıb ki, əməkdaşlığın dərinləşməsi - nəqliyyat dəhlizlərindən tutmuş enerji və rəqəmsal şəbəkələrə qədər - region ölkələri arasında etimadın möhkəmlənməsinə kömək edir: "Onlar sadəcə olaraq malları, məlumatları, elektrik enerjisini və insanları daşımır. Onlar etimad, iş yerləri yaradır və qonşuları praktiki əməkdaşlıq və ümumi inkişaf vasitəsilə bir-birinə bağlayır".

O əlavə edib ki, Avropa İttifaqı bu prosesdə "etibarlı tərəfdaş" kimi çıxış etməyə hazırdır.

Xəbər lenti