Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləməsi ölkədə aparılan sistemli rəqəmsal transformasiya islahatlarının məntiqi nəticəsidir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2026-cı il üzrə sözügedən indeksdə 194 ölkə arasında 74-cü yerdən 38-ci mövqeyə yüksəlməsində bir sıra amillər aparıcı rol oynayıb:
"Birincisi, onlayn xidmətlərin inkişafı üzrə Azərbaycan 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib.
İkincisi, "bir pəncərə" prinsipinin tətbiqi və vətəndaşların həyat hadisələrinə uyğun proaktiv xidmətlərin yaradılması mühüm əhəmiyyət daşıyıb. Üçüncüsü, 2026-cı il hesabatının metodologiyasına əlavə edilən süni intellekt əsaslı həllər beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Dördüncüsü, rəqəmsal inkişaf konsepsiyası və kibertəhlükəsizlik strategiyasının qəbulu ölkəmizin rəqəmsal hazırlığını əhəmiyyətli dərəcədə gücləndirib".
Deputat qeyd edib ki, dövlət xidmətlərinə operativ çıxışın təmin edilməsi vaxt və maliyyə itkisini azaltmaqla yanaşı, xarici investorlar üçün də güclü və müsbət siqnaldır:
"Kağız sənəd dövriyyəsindən imtina dövlət xərclərinə qənaət edir, biznes subyektlərinin əməliyyat xərclərini azaldır və rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsulda (ÜDM) payının artmasına təkan verir. Bu isə Azərbaycan üçün strateji əhəmiyyətli məsələdir".
Ə.Məsimli vurğulayıb ki, Azərbaycan bu reytinqdə 38-ci yerə yüksəlməklə Cənubi Qafqazda lider, MDB məkanında isə Qazaxıstan və Özbəkistandan sonra ilk üçlükdə qərarlaşıb və növbəti hədəf dünyanın ilk 30 ölkəsi sırasına daxil olmaqdır:
"İlk otuzluğa düşmək üçün bir neçə istiqamətdə islahatların aparılması nəzərdə tutulur. İlk növbədə, rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı və rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üzrə Strategiya çərçivəsində dövlət qurumlarının vahid rəqəmsal arxitekturasının tam formalaşdırılması istiqamətində işlər görülür.
İkincisi, 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq dövlət xidmətlərində süni intellekt əsaslı fərdiləşdirilmiş və avtomatlaşdırılmış həllərin payı artırılır. Üçüncüsü, vətəndaş müraciəti olmadan dövlətin öz təşəbbüsü ilə göstərdiyi proaktiv xidmətlərin əhatə dairəsi genişləndirilir. Dördüncüsü, vətəndaşların qərar qəbulu prosesində rəqəmsal iştirakçılığının artırılması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və açıq məlumat bazalarının genişləndirilməsi əsas prioritet kimi müəyyən edilib. Beşincisi, onlayn xidmətlər üzrə artıq dünyada 11-ci yerdə olan Azərbaycan ümumi reytinqdə ilk 30-luğa yüksəlmək üçün hazırda 54-cü yerdə olduğu telekommunikasiya infrastrukturu və 60-cı yerdə qərarlaşdığı insan kapitalı komponentləri üzrə göstəricilərini sürətlə yaxşılaşdırmağı planlaşdırır. Bu sahələrdə fundamental nəticələrin əldə olunması ölkəmizin ilk otuzluğa daxil olması üçün möhkəm zəmin yaradacaq".
Mənbə: report.az