IMG-LOGO

Rusiya Ukraynanı raket və PUA atəşinə tutdu: Kiyevdə ölənlər var

20 Nov 2026 09:51 14 baxış
IMG
2 0

Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum həyata keçirib. Paytaxt Kiyevdə partlayışlar baş verib, bir neçə ərazidə yanğınlar qeydə alınıb. Hücum nəticəsində ölən və yaralananlar var.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, gecə saatlarında Rusiya ordusu Kiyevə bir neçə dəfə ballistik raketlərlə zərbələr endirib. Eyni zamanda strateji aviasiya təyyarələrindən qanadlı raketlərin buraxıldığı bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələri saat 01:20-dən 04:19-dək altı dəfə ballistik raket təhlükəsi barədə xəbərdarlıq yayıb. Bundan sonra paytaxtda güclü partlayış səsləri eşidilib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Obolon rayonunda raket qalıqlarının üçmərtəbəli binaya düşməsi nəticəsində yanğın baş verib. Qoloseyevski rayonunda isə infrastruktur obyektinin ərazisinə zərbə endirilib. İlkin məlumata əsasən, burada yerləşən ofis binasında yanğın başlayıb.

Bundan başqa, Podol rayonunda qeyri-yaşayış binası alovlanıb. Şəhər meri körpülərdən birinin yaxınlığındakı açıq əraziyə də zərbə endirildiyini açıqlayıb.

Yerli sosial şəbəkə qruplarında Rusiyanın Kiyevdəki Darnitsa, Podol, Cənub və Paton körpülərini hədəfə aldığı barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Hücumlar Ukraynanın digər bölgələrində də davam edib. Xarkov şəhərinin Şevçenkovski rayonunda Rusiya PUA-sı xəstəxanaya zərbə endirib.

Şəhər meri İqor Terexovun sözlərinə görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb, xəstəxananın 50-dən çox pəncərəsi sınıb. Daha sonra həmin rayonda yaşayış kompleksinə də zərbə endirildiyi və yanğın başladığı bildirilib.

Səhər saat 06:00 radələrində Ukraynanın qərb bölgələri də PUA hücumlarına məruz qalıb. Lvovda Rusiyaya məxsus “Geran” tipli pilotsuz uçuş aparatının qalıqlarının çoxmərtəbəli yaşayış binalarının yaxınlığına düşdüyü barədə məlumat yayılıb.

Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiya strateji bombardmançı təyyarələrindən havadan buraxılan qanadlı raketlərin atıldığını ehtimal etdiklərini açıqlayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının saat 07:19-a olan məlumatına əsasən, Rusiya tərəfindən edilən hücum nəticəsində paytaxtda üç nəfər həlak olub, iki nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko ölənlərin “Kiyevvodokanal” kommunal müəssisəsinin əməkdaşları olduğunu bildirib.

Merin açıqlamasına görə, hücum nəticəsində ümumilikdə 15-ə yaxın insan xəsarət alıb.

Qeyd edək ki, noyabrın 19-da da Rusiya Kiyevə hücum edib. Podol rayonunda PUA-nın dördmərtəbəli binaya düşməsi nəticəsində 26 yaşlı kişi həyatını itirib, üç nəfər yaralanıb.

Həmin hücum zamanı Kiyevin ən qədim yaşayış binalarından biri də zədələnib. Niderland səfirliyinin yaxınlığında yerləşən tarixi binadan bu günədək yaşayış məqsədilə istifadə olunur. Bundan başqa, Müqəddəs Vladimir Kafedralının pəncərələrinə də ziyan dəyib.

Noyabrın 19-da Rusiyanın Poltava, Zaporojye və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində də yanğınlar baş verib, xəsarət alanlar olub. Çuquyev şəhərində doqquzmərtəbəli yaşayış binasının vurulması nəticəsində dörd nəfər yaralanıb, daha beş nəfər isə xilas edilib.

Rusiya Ukrayna Kiyev raket hücumu PUA ballistik raket partlayış ölənlər yaralılar Vitali Kliçko Xarkov Lvov müharibə Rusiya-Ukrayna müharibəsi Kiyevdə yanğın

Mənbə: lent.az

Xəbər lenti