Xiaomi şirkəti yeni qatlana bilən smartfonları ilə yanaşı Xiaomi Smart Band 9 adlı yeni smart qolbağını təqdim edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk baxışdan bu yeni smart qolbaq daha öncəki Smart Band modelindən fərqlənmir. Lakin bu belə deyil. İlk öncə qeyd etmək lazımdır ki, Xiaomi Smart Band 9-un gövdəsi metal materialdan hazırlanıb. Daha öncəki versiya plastik materialdan idi. Beləliklə Smart Band 9 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.62 düym ölçülü OLED ekranla təchiz olunub. Smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
Xiaomi bildirib ki, Smart Band 9-un ürək döyüntüləri ritminin ölçülməsi sensorunun çalışma dəqiqliyi 16%, yuxu zamanı tənəffüs ilə bağlı problemlərin aşkar edilməsi sensorunun dəqiqliyi isə 7.9% yüksəlib. Smart qolbaq özündə 233 mAh enerji tutumlu batareyanı birləşdirir və üstəlik 150-dən çox idman rejimini dəstəkləyir. Smart qolbaq iki versiyada təqdim edilib. Birinci versiya NFC dəstəyinə sahibdir, ikinci versiyada isə NFC dəstəyi mövcud deyil. Xiaomi Smart Band 9 yaxın günlərdə Çində satışa çıxacaq. NFC dəstəyinə sahib versiya 42$-a, NFC dəstəyinə sahib olmayan versiya isə 35$-a satılacaq. Smart qolbağın qlobal bazarda nə zaman satışa çıxacağı bilinmir.