IMG-LOGO

Kobaxidze: Cənubi Qafqaz Avropa və Asiyanın nəqliyyat bağlantısı üçün strateji rol oynayır

11 Nov 2026 22:10 5 baxış
IMG

Cənubi Qafqaz Avropa üçün şərqə doğru əsas marşrut olaraq qalır və Gürcüstanla əlaqələrin möhkəmləndirilməsi Avropa İttifaqı (Aİ) üçün mühüm iqtisadi əhəmiyyət kəsb edir.

"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin Baş naziri İrakli Kobaxidze Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, region Avropa və Asiyanın nəqliyyat əlaqəsinin təmin edilməsində strateji rol oynayır. Kobaxidze qeyd edib ki, Gürcüstan dənizə çıxışı olmayan yeddi ölkəni Qara dəniz və dünyanın qərb hissəsi ilə birləşdirir.

"Biz görürük ki, Avropa şərqə doğru konkret marşrutları itirib, halbuki Avropanın Asiya ilə əlaqəsi onun iqtisadi potensialının gücləndirilməsi üçün çox vacibdir", - Gürcüstan hökumətinin başçısı vurğulayıb.

Kobaxidze həmçinin bildirib ki, Tbilisi hazırda böhran yaşayan Aİ ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır.

"Hazırda münasibətlərimizin statusu kifayət qədər müsbət deyil və biz bunu dəyişdirməkdə çox maraqlıyıq. Biz müxtəlif Avropa ölkələri və Aİ ilə əməkdaşlığa hazırıq", - o deyib.

Qarşılıqlı fəaliyyət perspektivlərindən danışan Baş nazir vurğulayıb ki, Gürcüstan Avropa ənənələrini və mədəniyyətini bölüşür. O, eyni zamanda Avropada bəzi mənfi meyllərdən, xüsusən miqrasiya, eləcə də etnik və dini kimliyin qorunması ilə bağlı narahatlığını ifadə edib.

Kobaxidze həmçinin xatırladıb ki, Avropa Komissiyası Gürcüstana Aİ-yə daxil olmaqla bağlı danışıqların başlanmasından imtina edib və 2024-cü ilin iyununda Brüssel Tbilisi ilə siyasi dialoqun dayandırılması barədə qərar qəbul edib.

Baş nazirin sözlərinə görə, əməkdaşlığın bərpası, tərəflərin demokratik, iqtisadi cəhətdən dayanıqlı Gürcüstanın və güclü Aİ-nin möhkəmləndirilməsində qarşılıqlı maraqlı olması şərti ilə mümkündür.

Mənbə: report.az

Xəbər lenti