Gürcüstan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa və ekoloji dayanıqlığın təmin edilməsinə, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş qlobal təşəbbüslərdə iştirak etməyə hazır olduğunu təsdiqləyir.
"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili COP31 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrə təsir göstərərək, dünyanın bütün regionlarında getdikcə daha ciddi, tez-tez baş verən və nəzərəçarpacaq xarakter alır.
"Gürcüstan və Türkiyə bilavasitə qonşular və strateji tərəfdaşlar olaraq, həmçinin iqlim dəyişikliyi ilə bağlı müxtəlif problemlərlə üzləşirlər. Bu reallıq regional əməkdaşlığın dərinləşdirilməsinin və iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılmasının vacibliyini bizə bir daha aydın şəkildə xatırladır", - Kavelaşvili qeyd edib.
O vurğulayıb ki, bu prosesin fəsadları ilə mübarizə tədbirləri beynəlxalq təhlükəsizlik, iqtisadi sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir, çünki iqlim dəyişiklikləri infrastruktura, ekosistemlərə, iqtisadi inkişafa, insanların həyat və sağlamlığına təhlükə yaradır.
"Ölkəmiz unikal təbii landşaftı və biomüxtəlifliyi ilə fərqlənir, lakin eyni zamanda o, iqlim riskləri qarşısında həssasdır", - Gürcüstan Prezidenti bildirib.
Kavelaşvili qeyd edib ki, qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində məhdudlaşdırılması yolu əməkdaşlığa və qarşılıqlı etimada əsaslanmalıdır. Onun sözlərinə görə, iqlim dəyişikliyi ciddi qlobal təhlükə yaratmasına baxmayaraq, həm də beynəlxalq həmrəyliyin gücləndirilməsi və təhlükəsiz gələcəyin birgə formalaşdırılması üçün imkanlar açır.
Dövlət başçısı əlavə edib ki, Gürcüstan regional və beynəlxalq səviyyələrdə sülhü, sabitliyi və konstruktiv dialoqu dəstəkləməkdə davam edir.
"Yalnız birgə, əlaqələndirilmiş və məsuliyyətli addımlar vasitəsilə biz daha güclü cəmiyyətlər, dayanıqlı iqtisadiyyatlar qura və uşaqlarımız üçün təhlükəsiz gələcəyi təmin edə bilərik", - Kavelaşvili yekunlaşdırıb.
Mənbə: report.az