2027-ci ildə Azərbaycanda təhsil və səhiyyə xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin müvafiq olaraq 3,6 %-ə və 1,5 %-ə çatdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, təhsil və səhiyyə xərclərinin ÜDM-ə nisbəti dünya üzrə yuxarı orta gəlirli ölkələr üçün müəyyən edilmiş bençmark göstəricilərinə uyğundur. Nazir bu istiqamətdə siyasətin ardıcıl davam etdiriləcəyini bildirib.
S.Babayev qeyd edib ki, gələn il aqrar sektora ayrılacaq vəsaitlər aqrar ÜDM-in 15,8 %-ni təşkil edəcək. Bu göstərici region və MDB ölkələri üzrə orta səviyyədən yüksəkdir. MDB ölkələrində həmin göstərici orta hesabla 13,2 % təşkil edir.
Nazirin sözlərinə görə, gələn ilin dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də regionların büdcədən asılılığının daha da azalmasıdır: "Artıq rayonların dotasiyadan asılılığı tamamilə aradan qaldırılıb.
Naxçıvana ayrılan dotasiyanın həcmi isə cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4 % azalacaq. Bu, muxtar respublikanın yerli gəlirlərinin artması ilə əlaqədardır. Beləliklə, Naxçıvan büdcəsinin daha böyük hissəsi yerli gəlirlər hesabına formalaşacaq".
Mənbə: report.az