Avtomobil satış həcmi 35 milyon ədədə yaxınlaşır
Dünyada yeni avtomobillərin satışları məlum olub. Statistikanı “Autostat” GlobalData konsaltinq şirkətinin məlumatlarına istinadən dərc edir.
Lent.az xəbər verir ki, 2024-cü ilin ilk beş ayında qlobal yeni avtomobil bazarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 34,8 milyon ədəd təşkil edib. May ayında isə 7,225 milyon avtomobil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə bir faiz artım deməkdir.
Yeni avtomobillərin satışında dünya lideri Çindir. Bu ölkədə yazın son ayında demək olar ki, 1,95 milyon avtomobil satılıb, bazar isə aşağı gedir: əvvəlki ilin may ayı ilə müqayisədə -2,3 faiz.
İkinci yerdə may ayında 1,439 milyon avtomobil satılan ABŞ qərarlaşıb - bir il əvvəlkindən 6,4 faiz çoxdur.
Həmin ayda Qərbi Avropada 1,12 milyon (-2,2 faiz), Şərqi Avropada isə 387,2 min ədəd alınıb ki, bu da 15,4 faiz artıma uyğundur.
“Autostat” analitikləri qeyd edirlər ki, bu nəticə Rusiyada tələbin davam edən bərpası, həmçinin Türkiyədə may ayında 10 faiz artaraq 100 min avtomobilə çatan yüksək satışlar sayəsində mümkün olub.
Daha 309,4 min avtomobil Yaponiyada (-4,5 faiz), 215,9 min avtomobil isə ötən illə müqayisədə bazarın 5,8 faiz artdığı Cənubi Amerikada satılıb. 161,3 min avtomobili kanadalılar alıb (-1,5 faiz), 138,8 min avtomobil isə Cənubi Koreyada (1,5 faiz) satılıb.