Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, təqdimata Binəqədi rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, təqdimat təmin edilib, təqsirləndirilən hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 30 noyabradək uzadılıb.
Təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazovun hansı maddələr üzrə ittiham edildikləri də məlum olub. Belə ki, adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
*** 15 sentyabr, saat: 17:34
Yardımlı rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyayata keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
"Ölkə.az"ın yaydığı xəbərə görə, tutulanlar İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazovdur.
Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hadisələr Yardımlı rayon İcra Hakimiyyətində əməliyyat
Mənbə: lent.az