IMG-LOGO

İranlı nazirə Azərbaycanın "Araz dəhlizi"nə dair istəyi çatdırıldı

06 Sep 2026 17:41 4 baxış
IMG
1 0

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sədri Fərzanə Sadıq arasında telefon danışığı olub.

Lent.az İRNA-ya istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin son vəziyyətini, tranzit əməkdaşlığının genişləndirilməsi planlarını, sərhəd layihələrini, həmçinin neft-qaz sektorlarında əməkdaşlığı müzakirə ediblər.

İranlı nazir qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən birgə müzakirələrə toxunaraq müzakirə olunan məsələləri və onların nəticələrini araşdırmaq və izləmək üçün birgə komitənin operativ şəkildə yaradılmasının zəruriliyini vurğulayıb.

O, həmçinin ABŞ və İsraillə müharibə zamanı İranın nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkərək bildirib ki, zədələnmiş nəqliyyat marşrutlarının yenidən fəaliyyətə qaytarılması istiqamətində işlər davam etdirilib, eyni zamanda davam edən layihələrin icrası fasiləsiz şəkildə həyata keçirilib.

Azərbaycanın Baş nazirinin müavini isə öz növbəsində dəmir yolu layihələrində əldə olunan irəliləyişə toxunaraq bildirib ki, Azərbaycan ərazisində dəmir yolunun tikintisi Ağbənd ərazisinə qədər çatıb. Şahın Mustafayev vurğulayıb ki, İran ərazisindəki hissə tamamlanarsa, bu marşrut nəqliyyat imkanlarının artırılmasında mühüm rol oynayacaq.

O, regional nəqliyyat imkanlarının artırılması məqsədilə dəmir yolu layihəsinin İran ərazisindən keçən hissəsinin tamamlanmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib və strateji və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, "Araz dəhlizi" layihəsi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Araz çayının üzərindən keçən və "Araz dəhlizi" adlanan Kəlalə-Ağbənd layihəsi - Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Fars Körfəzini Qara dənizlə əlaqələndirəcək.

Şahin Mustafayev İran yol və şəhərsalma naziri dəmir yolu Araz dəhlizi

Mənbə: lent.az

Xəbər lenti