Araşdırmalara görə, qütb ayıları buzlaşma dövründə dəniz məməlilərini ovlamaq üçün donmuş okeana çıxan qonur ayılardan təkamül yolu ilə yaranıb.
Lent.az xəbər verir ki, indiyədək məlum olan ən qədim qütb ayısı fosilləri Şpitsbergen arxipelaqında və Norveçin şimalında tapılıb. Bu qalıqların yaşı 115-130 min il əvvələ, son buzlaşma dövrünün başlanmasından əvvəlki mərhələyə aid edilir.
Lakin bəzi bioloqlar qütb ayılarının qonur ayılardan daha əvvəl – təxminən 600 min il əvvəl ayrıldığını düşünürlər. Təbii seçmə nəticəsində daha açıq rəngli və bədənində daha çox yağ ehtiyatı olan fərdlərin sağ qalmaq və nəsil artırmaq şansı daha yüksək olub.
DNT analizləri qütb ayıları ilə Alyaskada yaşayan qonur ayı populyasiyalarından biri arasında cəmi 1 faizlik fərq olduğunu göstərir.
Dəniz buzlarının sahəsinin azalması dənizdən uzaqda yaşayan qütb ayılarını yenidən cənubda yaşayan qohumları ilə təmas qurmağa məcbur edir. Bu proses qonur ayıların da getdikcə daha şimala miqrasiya etməsi fonunda daha da intensivləşir.
Arktik Alyaskanın sahilyanı ərazilərində qrizzli ayılarının Qrenlandiya balinalarının cəsədləri ilə qidalanması halları müşahidə edilib. Bəzi hallarda onlar qütb ayıları ilə birlikdə qidalanıblar. Bundan başqa, qütb və qonur ayıların çarpazlaşması halları da sənədləşdirilib.
dünyadan xəbərlər maraq maraqlı xəbərlər ağ ayılar elmi araşdırmalar alimlərMənbə: lent.az