IMG-LOGO

Yaşlanmanın qarşısını almaq üçün neçə saat yatmaq lazımdır?

02 Sep 2026 10:08 3 baxış
IMG
22 0

Alimlər yuxu müddəti ilə orqanizmin bioloji yaşlanması arasında əlaqəni araşdıraraq, yaşlanmanın ən yavaş getdiyi yuxu intervalını müəyyən ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Universitetinin tədqiqatçıları təxminən 500 min insanın məlumatlarını təhlil ediblər.

Araşdırmanın nəticələrinə əsasən, bioloji yaşlanmanın ən aşağı tempi gündə təxminən 6,4-7,8 saat yatan insanlarda müşahidə olunub.

Mütəxəssislər müəyyən ediblər ki, təkcə yuxusuzluq deyil, həddindən artıq uzun müddət yatmaq da orqanizmin daha sürətli bioloji yaşlanması ilə əlaqəli ola bilər.

Belə ki, gündə altı saatdan az yatanlarla yanaşı, səkkiz saatdan çox yatan şəxslərdə də daha sürətli yaşlanma əlamətləri qeydə alınıb.

Tədqiqat zamanı yalnız beynin vəziyyəti deyil, ümumilikdə 17 orqan və sistem, o cümlədən ürək, ağciyərlər və immun sistemi araşdırılıb.

Az yatmaq hansı xəstəliklərin riskini artırır?

Alimlər gündə altı saatdan az yatmağın bir sıra sağlamlıq problemləri ilə əlaqəli olduğunu müəyyən ediblər.

Qısa yuxu müddəti depressiya, təşviş pozuntuları, piylənmə, 2-ci tip diabet, yüksək arterial təzyiq, ürəyin işemik xəstəliyi və ürək ritminin pozulması hallarının daha çox müşahidə olunması ilə əlaqələndirilib.

Həm az yatmaq, həm də həddindən artıq uzun yatmaq bəzi ağciyər və həzm sistemi xəstəlikləri ilə də əlaqəli olub. Bunlar arasında astma, xroniki obstruktiv ağciyər xəstəliyi, qastrit və qastroezofageal reflüks xəstəliyi göstərilir.

Alimlər vacib məqama diqqət çəkiblər

Tədqiqat müəlliflərinin fikrincə, yuxunun müddəti insanın ümumi sağlamlıq vəziyyətinin vacib göstəricilərindən biri ola bilər. Bunun səbəbi yuxunun eyni anda bir çox orqan və sistemin fəaliyyəti ilə əlaqəli olmasıdır.

Mütəxəssislər bildirirlər ki, sağlamlıq üçün yalnız yuxusuzluqdan qaçmaq kifayət deyil. Yuxu rejiminin mümkün qədər sabit saxlanılması və insanın fərdi ehtiyaclarına uyğun kifayət qədər yatması da vacibdir.

Alimlər həmçinin vurğulayırlar ki, bütün insanlar üçün mütləq şəkildə “8 saat yatmaq lazımdır” qaydası yoxdur. Sağlam yuxu rejimində əsas məsələlərdən biri hər gecə təxminən eyni müddətdə yatmaqdır.

sağlıq bioloji yaş yuxu yaşlanma

Mənbə: lent.az

Xəbər lenti