Külli miqdarda dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun ittihamı üzrə bəzi detallar məlum olub.
Lent.az xəbər verir verir ki, B. Bəşirovdan zərərçəkənlər arasında “İdman Azərbaycan” və MTV-nin keçmiş rəhbəri olan Əməkdar jurnalist Elsevər Dünyamalıyev də var.
İttiham aktına əsasən, 46 yaşlı Bəşir Bəşirov Prezidentinin Təhlükəsizlik Xidmətinin mühafizə zabiti kimi öz qulluq mövqeyindən istifadə etməklə, Elsevər Dünyamalıyevə biznes ortaqlığı təklif edib. O, zərərçəkənə Azərbaycana ərzaq məhsulları idxal edib satışı ilə məşğul olmasına dair həqiqətə uyğun olmayan məlumat verib. O, Elsevəri inandırıb ki, şərik kimi həmin biznes fəaliyyətinə vəsait qoyduğu halda, hər ay qazanc əldə edəcək. Bu vədlə 2021-ci ilin oktyabr ayında “Asan Xidmət” mərkəzlərindən birinin qarşısında biznes fəaliyyətinə qoyulacaq vəsait kimi sonuncuya məxsus 185000 manat məbləğində pul vəsaitini alaraq, ələ keçirib.
Bu əməllərinə görə, Bəşir Bəşirov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.
Zərərçəkən Elsevər Dünyamalıyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi 2021-ci ildən bəri tanıyır:
“Onunla bir neçə dəfə Nərimanov heykəlinin yaxınlığında yerləşən restoranda görüşərək çay içmişik. Həmin ərəfələrdə işsiz olduğum üçün iş axtarışında idim. Bəşir bir dəfə mənə mobil telefon vasitəsilə zəng edərək təcili görüşməli olduğumuzu bildirdi. O, mənə İrandan ərzaq gətirərək biznes işi ilə məşğul olmaq istədiyini, bunun üçün 20-30 min manat məbləğində pul lazım olduğunu dedi. Bəşirə inandığım üçün həmin məbləğdə pulu toplayaraq ona verdim. Bir müddət sonra yenidən Bəşirlə əlaqə saxlayaraq verdiyim pulu geri tələb etdim, lakin Bəşir narahat olmamağımı, yaxın zamanda məni işə düzəldəcəyini bildirdi. Nərimanov heykəlinin yaxınlığında yerləşən restoranda yenidən görüşdük. Həmin vaxt Bəşir məni Prezidentin Mühafizə İdarəsində İnformasiya Xidmətində şöbə rəisi vəzifəsinə işə düzəldəcəyini dedi.
Bununla əlaqədar, Bəşir məndən iki ali təhsil diplomumu və əmək kitabçamı istədi. Bütün qeyd edilən sənədləri Bəşirə təqdim etdim. Lakin həmin söhbətdən yenə bir neçə ay keçsə də, Bəşir yenidən müxtəlif bəhanələr gətirərək pulu qaytarmadı. Bəşirə işə düzəlməyim üçün ümumilikdə 185000 manat pul vermişəm”.
Elsevər Dünyamalıyev yekun olaraq, hazırda Bəşir Bəşirovla barışdığını, ona dəymiş zərərin tam şəkildə ödənildiyini deyib. O, həmçinin təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Təqsirləndirilən şəxs Bəşir Bəşirov isə məhkəmə istintaqı zamanı bildirib ki, Elsevər Dünyamalıyevlə 2022-ci ilin avqust ayında tanış olub:
“Elsevər Dünyamalıyev mənim Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyimi bilirdi. Dünyamalıyev mənə işə düzəlmək istədiyini bildirdi. Həmin vaxt ona dedim ki, Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi vəzifəsi vakantdır. Həmin vəzifəyə təyin etmək üçün 185000 manat pul tələb olunduğunu ona bildirdim. Elsevər razılaşdı və mən 2022-ci ilin oktyabr ayında Yasamal rayonu ərazisində yerləşən Notariat ofisinin qarşısında 185000 manatı Elsevərdən aldım. Lakin həmin pulu öz ehtiyaclarıma sərf etmişəm”.
Qeyd edək ki, Elsevər Dünyamalıyev keçmiş sədr Arif Alışanovun dövründə uzun illər “AzTV”də işləyib. O, sədrin müavini vəzifəsini daşıyıb. Dünyamalıyev 2024-cü ildə MTV-nin rəhbəri təyin edilsə də, bir müddət əvvəl o vəzifədən də azad edilib.
*** 13:06
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Bəşir Bəşirov 1 il 1 ay müddətə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Onun ziyanın böyük bir qismini ödəməsi nəzərə alınıb.
Qeyd edək ki, iş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.
İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov vətəndaşların etibarından sui-istifadə edərək səkkiz şəxsə 185.000, 30.000, 24.280, 23.000, 17.000, 16.500, 16.100 manat olmaqla, ümumilikdə 312 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirilib.
Ehtiyatda olan mayor Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub, sonradan ehtiyata buraxılıb.
Hadisələr məhkəmə işləri məhkəmə qərarları cinayət işləri dələduzluq Elsevər Dünyamalıyev Bəşir Bəşirov AzTV İdman AzərbaycanMənbə: lent.az