Uşaqların smartfon və planşetlərdən çox istifadə etməsinin onların inkişafına zərər verdiyi uzun müddətdir geniş yayılmış fikirlərdən biridir. Lakin finlandiyalı alimlərin araşdırması fərqli nəticə ortaya qoyub.
Lent.az xəbər verir ki, tədqiqatçılar səkkiz il ərzində 260 uşağı müşahidə ediblər.
Araşdırmaya qoşulan zaman uşaqların yaşı 6-9 arasında olub. Mütəxəssislər onların fiziki aktivliyini, oturaq həyat tərzini və ekran qarşısında keçirdikləri vaxtı qiymətləndiriblər. İştirakçılar yeniyetməlik yaşına çatdıqda isə diqqət, öyrənmə qabiliyyəti və operativ yaddaşla bağlı testlərdən keçiblər.
“Pediatric Exercise Science” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, uşaqlıqda rəqəmsal cihazlardan daha çox istifadə edən bəzi yeniyetmələr koqnitiv testlərdə daha yüksək nəticələr göstəriblər.
Alimlər bunun ekran qarşısında keçirilən vaxtın avtomatik olaraq faydalı olması anlamına gəlmədiyini vurğulayıblar. Əsas məqam uşağın cihazdan hansı məqsədlə istifadə etməsidir. Təhsil proqramları, yaradıcılıq tətbiqləri və düşünmə tələb edən tapşırıqların daha faydalı ola biləcəyi qeyd edilib.
Araşdırmada fiziki aktivliklə bağlı da maraqlı nəticələr əldə olunub. Qızlarda aşağı intensivlikli müntəzəm fiziki fəaliyyətin daha yaxşı operativ yaddaşla əlaqəli olduğu, oğlanlarda isə məşqçinin nəzarəti altında keçirilən məşqlərin oxşar təsir göstərdiyi müəyyənləşdirilib.
Mütəxəssislərin fikrincə, valideynlərin əsas məqsədi elektron cihazları tamamilə qadağan etmək deyil, uşağın hansı məzmunu izlədiyinə və cihazdan necə istifadə etdiyinə nəzarət etmək olmalıdır. Bununla yanaşı, normal yuxu, düzgün qidalanma və fiziki aktivliyin də uşağın inkişafında mühüm rol oynadığı vurğulanıb.
telefon sosial şəbəkələr uşaqlarMənbə: lent.az