IMG-LOGO

"Üzündə cızıq, dişlərinin düşdüyünü gördüm" - Müştərini döyən MTK sahiblərinin İŞİ

27 Aug 2026 13:09 2 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində “Şakir” Mənzil Tikinti Kooperativin (MTK) sahibi Şakir Hüseynovun oğlu Tural Hüseynov və İlizbər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.A zərərçəkən Nurəddin Niftəliyevi uzun müddətdir ki, tanıdığını bildirib:

"Nurəddin müəllimlə kafedə görüşəndə üzünün bir tərəfində cızıq olduğunu, dişlərinin düşdüyünü gördüm. Narahat olub nə baş verdiyini, bunu kimin elədiyini soruşdum. Utanıb cacab vermək istəmədi. Təkid etdikdən sonra dedi ki, başına gələnlər aldığı evlə bağlıdır. Dedi Tural və adını xatırlamadığım biri Nərimanov istiqamətində yerləşən kafedə məni o ki var döyüblər. 90 000 min dollar ödəniş edib “Şakir” Mənzil Tikinti Kooperativdən (MTK) ev almışam, amma məni incidirlər. Ona dedim ki, şirkətin rəhmətlik sahibini tanıyırdım. Gedək hələ ora, görək kimi tapıb işi həll edə bilərik. Nurəddinlə birlikdə şirkətə getsək də, Turalı orada tapmadıq. Daha sonra da iki-üç dəfə getdim, yenə onu orada tapa bilmədim".

Şahid O.Ə sözügedən kafedə ofisiant işlədiyini deyib:

"Tural müəllim kafeyə tez-tez gəlir, daimi müştərimizdir. Həmin gün Tural müəllim, İlizbar və dostları ilə kafeyə gəlmişdilər. Onları yeddinci otaqda əyləşdirdim. Çox keçmədi ki, Nurəddin müəllim də gəlib onları soruşdu, hansı otaqda olduğunu dedim. Tural Nurəddin müəllimə yemək gətirtdi. Ümumiyyətlə, Tural müəllim tapşırmışdı ki, Nurəddin müəllim nə zaman kafeyə gəlsə, xidmətdə qüsur etməyək, hesabını da ona yazaq. Sonra Nurəddin müəllimin çıxıb getdiyini gördüm. Çox keçmədən təzədən qayıtdı. Otağın qarşısındakı stulda əyləşib söhbət etdilər. Onların nə danışdığını tam eşitməsəm də, Tural müəllimin Nurəddin müəllimin pula ehtiyacı olub olmadığını soruşduğunu eşitdim. Nurəddin müəllim getdi. Mən orada dava filan, Nurəddin müəllimin üz-gözündə cızıq, diş düşməsini görməmişəm. Bir neçə gün sonra Nurəddin müəllimdən mənə zəng gəldi. Deyirdi ki, Tural kafedə məni döyüb, şahidlik elə. Ona dedim ki, görmədiyim bir işə şahidlik edə bilmərəm".

Şahidin sözləri zərərçəkən Nurəddin Niftəliyevin kəskin etirazına səbəb olub:

"Bu şəxs nağıl danışır. Turalın dostudur, onun işlədiyi kafeyə daim getdiyinə görə onun çaldığına oynayır. Deyir guya Tural mənə pul təklif edib. Mən dilənçiyəm ki? Ömrüm boyu özüm hamıya pul paylaya-paylaya gəlmişəm. O kimdir ki, mənə pul versin? Mən bu adamı (şahidi nəzərdə tutur) tanımıram, telefonunu bilmirəm, ona necə zəng edə bilərdim? İnsan beş manata görə vicdanını belə satar? Xahiş edirəm, onun telefonundan çıxarış olunsun, görək mən nə vaxt ona zəng etmişəm?".

Növbəti proses 17 sentyabra təyin edilib.

Xatırladaq ki, iş üzrə zərərçəkmiş Nurəddin Xasay oğlu Niftəliyev tanınıb. O, hüquq-mühafizə orqanlarında işləyib, hazırda yaş həddi ilə bağlı təqaüddədir.

İttihamda qeyd olunur ki, Nurəddin Niftəliyev Nərimanov rayonu Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanda yerləşən mənzili almaq üçün 80 min ABŞ dolları məbləğdə pul verib. Lakin o, sonradan aldadılıb.

Bundan sonra aralarında yaranmış məsələlərə aydınlıq gətirmək üçün mübahisələri olub. 20 sentyabr 2021-ci ildə Nərimanov rayonunda yerləşən “Dostluq” kafesinin 7 saylı otağında Tural Hüseynov və İlizbar Səfərovun Nurəddin Niftəliyevi döyüblər.

Faktla bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham olunublar.

Hadisələr dava cinayət işləri məhkəmə işləri kriminal xəbərlər

Mənbə: lent.az

Xəbər lenti