“Könlü balıq istəyənin quyruğu suda gərək”, deyib atalar. Bu məsəli “könlü balıq istəyənin əli cibində gərək”, edib, yollanırıq Keşlə balıq bazarına.
Bazar o qədər sakit idi ki, fikirləşdik, yəqin düzgün vaxtda gəlməmişik. Satıcılara yaxınlaşıb soruşduq ki, niyə alıcı yoxdur, dedilər, yayda günümüz-güzəranımız bax, belədir.
Bazarın içərisinə doğru irəliləyəndə satıcılardan biri arxadan“neyləyəcəksiniz ki, balıqları? nəyini çəkirsiniz?”- deyir. Ayaq saxlayıb, “qiymətləri öyrənirik. Bəlkə könlü balıq istəyənin biri bu şəkilləri görüb, gəlib sizdən balıq aldı? Çəkməyək?”, - deyirəm. Satıcı gülümsəyərək “onda çəkin”, -deyir.
Əli ilə balıq təmizləyən iş yoldaşını səsləyir: “Usta, gəl, bu balığı doğra, görsünlər ki, əti necədir”.
Soruşuram ki, balığı neçəyə təmizləyirsiniz? Deyirlər ki, iki manata. “Həm təmizləyirik, həm doğrayırıq. Cəmi-cümlətanı ikicə dəqiqəyə.
Düzünü desəm, alıcı axtarıram ki, ondan da açıqlama alaq. Amma gözümə heç kim dəymir. Qışda piştaxtaların üstündə doğranmış, vannaların içində diri balıqlar görən mən, indi dondurucu yeşiklərin içərisində bir-iki növ balıq görürəm.
“Balıq almaq istəyənlər gecə gəlirlər”, - deyir satıcılardan biri.
Yaxınlaşıb bir-bir qiymətləri soruşuram.
“Farel 11, sazan 8, naqqa (laxa da deyirlər) 6 manat. Naqqanı beluqanın yerinə satırıq”.
Qarşımıza iri gövdəli bir balıq çıxır. Soruşanda bilirəm ki, beluqa balığı imiş.
- Beluqanı neçəyə verirsiniz?
- Qırx manatdır, sizə otuz səkkizdən verərik.
- Nərə balığına (asatrin) oxşayır.
- Demək olar ki, dadları eynidir.
Fotoqrafımıza səslənib, “qardaş, qəlsəmələrini çək, görsünlər ki, necə təzədir, balıq başından iylənər”, - deyir.
- Sizdə farel neçəyədir bəs?
- On iki - on üç manat.
- O biri satıcı on birə verir.
- Bizdəki balıqlar Nefçaladan gəliblər. Təmiz yerli məhsuldurlar.
“Buzlu yeşikdən başqa növ balıqlara da baxırıq. Çupralar 19 manat imiş”.
- Yayda alıcılar da azdır, çətin olmur balıqları saxlamaq?
- Sata biləcəyimiz qədər gətiririk, onları da dondurucularda saxlayırıq.
- Bəs qiymətlərdə dəyişiklik var? Üzü payıza doğru qalxa bilər?
- Ola bilsin ki, qiymətlər qalxacaq.
Mənə elə gəlir ki, irəlilədikcə balığın da qiyməti qalxır. Girişdə on bir manat olan farel, irəlidə on iki, bir az qabağa gedəndə on beş manat oldu.
İrəlidəki satıcıdan balıqların növlərini və qiymətlərini soruşuram.
“Farellərin qiyməti ölçülərinə görə dəyişir. On iki, on üç, on beş manat olur. Çupralar 20 manatdır, onlar Türkiyədən, Qara dənizdən gəldiyinə görə, qiyməti çoxdur. Payızda sif (sudak) balıqları satırıq, onları 15-ə veririk, amma indi gətirmirik”, - deyirlər.
Digər satıcılardan da başqa balıqların qiymətini soruşuruq: “Kütümlər 15, xırda sif (sudak) balıqları 8-9, irilər 11, kafellar 3-4 manatdır. Farellər İrandan gəlir, onları da on bir – on iki manata veririk.
Biz danışa-danışa bir-iki satıcı yaxınlaşıb balıq alır. Alıcılar bildirirlər ki, ən çox farellə, çupra alırlar. Farel daha münasib olduğu üçün adətən farel yeyilir: “Ətə baxanda balıq daha münasibdir, həm də faydalıdır”.
Bazardan çıxana yaxın diqqətimizi akvariumun qarşısında dayanmış balaca qız çəkir. Nə farelin 11-15 manat olmasından xəbəri var, nə çupranın 20 manata satılmasından, nə də payızda qiymətlərin arta biləcəyindən. Əlini şüşəyə yaxınlaşdırıb balıqları diqqətlə izləyir. Deyəsən, bazarda balıqla ən çox maraqlanan da elə o idi, amma alverlə heç işi yox idi.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
Balıq bazarı Keşlə balıq bazarı reportaj balıq əti çupra Sif Sudak Farel Beluqa nərə balıq növləri balıq qiymətləri












Mənbə: lent.az