Lent.az Özbəkistanın Nizami adına Milli Pedaqoji Universitetinin rektoru Xilola Umarovanın APA-ya müsahibəsini təqdim edir...
“Yeni kampusa Özbəkistan və Azərbaycan təhsil sistemlərinin yaxınlaşmasına xidmət edəcək məkan kimi baxırıq”
— Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin yeni kampusunun açılması Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin inkişafı üçün hansı yeni imkanlar yaradacaq?
– Yeni kampus beynəlxalq əməkdaşlığın gələcək inkişafı üçün böyük imkanlar yaradır. Burada birgə elmi tədbirlərin, akademik mübadilə, pedaqoqların peşəkar inkişafı proqramlarının həyata keçirilə biləcəyi müasir təhsil və elmi mühit formalaşdırılır. Kampusda müasir laboratoriyalar, rəqəmsal təhsil məkanları, beynəlxalq imtahan mərkəzləri və innovativ platformalar yaradılır. Bu, yalnız təcrübə mübadiləsi aparmağa deyil, həm də müasir təhsil texnologiyalarını birgə hazırlamağa və tətbiq etməyə imkan verəcək. Biz yeni kampusa Özbəkistan və Azərbaycan təhsil sistemlərinin daha da yaxınlaşmasına xidmət edəcək bir məkan kimi baxırıq.
“Pedaqoqların peşəkar inkişafı üzrə birgə proqramlar həyata keçiririk”
– Azərbaycan universitetləri ilə imzalanmış memorandumlar çərçivəsində hazırda hansı konkret birgə layihələr həyata keçirilir?
– Bu gün Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti Azərbaycanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq tələbə və müəllimlərin akademik mobilliyini, elmi tədqiqatları, beynəlxalq konfransları, seminarları və pedaqoji təcrübə mübadiləsini əhatə edir. Məsələn, Bakı Slavyan Universiteti ilə akademik mübadilə proqramları həyata keçirilir. 2026-cı ildə həmin universitetin iki tələbəsi universitetimizdə yay mübadilə proqramında iştirak edib. Azərbaycan Dillər Universiteti ilə müəllim və magistrantların iştirakı ilə kafedralararası elmi-nəzəri seminarlar keçirilir. Bundan əlavə, pedaqoqların peşəkar inkişafı üzrə birgə proqramlar həyata keçiririk. Bu göstərir ki, memorandumlarımız artıq sənədlərdən konkret təhsil layihələrinə keçid mərhələsindədir.
“Gələcəkdə bu təcrübə iki diplomun verilməsini nəzərdə tutan proqramlar üçün əsas ola bilər”
– İkili diplom proqramlarının yaradılması nəzərdə tutulurmu?
– Bu gün universitetin artıq xarici tərəfdaşlarla birgə təhsil proqramlarının həyata keçirilməsi sahəsində təcrübəsi var. Buna görə də belə əməkdaşlıq formalarının inkişafı bizim üçün perspektivli istiqamətdir. Azərbaycan universitetləri ilə əməkdaşlıq çərçivəsində hazırda akademik mobilliyə, birgə tədqiqatlara, müəllim və tələbə mübadiləsinə, eləcə də pedaqoqların peşəkar inkişafına xüsusi diqqət yetirilir. Gələcəkdə bu təcrübə iki diplomun verilməsini nəzərdə tutan proqramlar da daxil olmaqla, birgə təhsil proqramlarının genişləndirilməsi üçün əsas ola bilər.
“Gələcəkdə azərbaycanlı məzunların universitetimizdə təhsil almasına şərait yaratmaq istəyirik”
– Hazırda universitetdə 10-dan çox Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycandan olan tələbələrin sayının artırılması üçün xüsusi proqramların həyata keçirilməsi planlaşdırılırmı?
– Bəli, biz azərbaycanlı tələbələrin sayının tədricən artırılmasında maraqlıyıq. Bu gün universitetdə 10 Azərbaycan vətəndaşı – tələbələr, magistrantlar və müstəqil tədqiqatçılar təhsil alır. Biz artıq təhsil imkanlarının genişləndirilməsi üçün konkret addımlar atırıq. Xüsusilə iyulun 25-də Füzulidə Mirzə Uluqbəy adına məktəbin məzunları ilə onlayn görüş təşkil olunub və onlar təhsillərini universitetimizdə davam etdirməyə dəvət olunublar. Gələcəkdə belə əlaqələri genişləndirmək, azərbaycanlı məktəbliləri və məzunları universitetimizin imkanları ilə tanış etmək, onların təhsil alması və elmi fəaliyyət göstərməsi üçün şərait yaratmaq istəyirik.
“Azərbaycan Respublikasının təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmək istərdik”
– Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin məzunlarının 20 faizi məhz bu universitetə qəbul olunub. Bu, Azərbaycan və Özbəkistan təhsil sistemlərinin inteqrasiyasının konkret nəticəsidir. Bu modeli digər Azərbaycan məktəblərinə də yaymağı və onlar üçün xüsusi qəbul və təqaüd mexanizmləri yaratmağı planlaşdırırsınızmı?
– Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi həqiqətən də ölkələrimiz arasında təhsil əməkdaşlığının mühüm simvoluna çevrilib. Bu gün həmin məktəblə qarşılıqlı əlaqələrimiz artıq praktiki xarakter daşıyır: universitet məktəbə elektron tədris-metodik ədəbiyyat təqdim edib, məktəbin on müəllimi isə universitetimizdə peşəkar təlim keçib. Xüsusilə mühüm nəticə ondan ibarətdir ki, məktəbin ilk beş məzunu qrant əsasında universitetimizə qəbul olunub. Bizim üçün bu, məktəb və universitet arasında əməkdaşlığın gənclər üçün real təhsil imkanları yarada biləcəyini göstərən çox yaxşı nümunədir. Biz bu təcrübəni inkişaf etdirmək və gələcəkdə Azərbaycan Respublikasının təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmək istərdik.
— Gələcəkdə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti arasında müəllim və tələbə mübadiləsi proqramlarının, birgə təlimlərin və digər layihələrin həyata keçirilməsi mümkündürmü?
– Sözsüz ki, mümkündür və bu istiqamətdə ilk addımlar artıq atılıb. 2026-cı ilin avqustunda Mirzə Uluqbəy adına məktəbin on müəllimi universitetimizdə müasir təhsil texnologiyaları, fəal və tədqiqat əsaslı təlim, inklüziv təhsil, rəqəmsal alətlər və süni intellektə həsr olunmuş peşəkar inkişaf kursu keçib. Biz bu əməkdaşlığın davam etdirilməsi üçün böyük imkanlar görürük. Gələcəkdə bunlar müəllim və şagirdlər üçün birgə təlimlər, metodiki seminarlar, təcrübə mübadiləsi və yeni təhsil layihələri ola bilər.
“Yeni kampusdakı Nizami Gəncəvi muzeyi mühüm təhsil və mədəniyyət məkanı olacaq”
– Universitetin yeni kampusunda yaradılacaq Nizami Gəncəvi muzeyi hansı konsepsiya əsasında fəaliyyət göstərəcək? Böyük Azərbaycan şairinin irsi özbək auditoriyasına necə təqdim olunacaq?
– Yeni kampusdakı Nizami Gəncəvi muzeyi yalnız böyük şairin xatirəsinin qorunduğu məkan deyil, həm də mühüm təhsil və mədəniyyət məkanı olacaq. Özbək auditoriyası üçün Nizami Gəncəvini ədəbi və mədəni ənənələrimizin ümumiliyindən irəli gələn prizmadan təqdim etmək xüsusilə vacibdir. Burada Nizaminin yaradıcılığının Əlişir Nəvai irsi ilə əlaqəsi böyük əhəmiyyət daşıyır. Universitetdə artıq özbək və Azərbaycan dillərində “Nizami Gəncəvi və Əlişir Nəvai: ədəbi varislik və müəllim-şagird ənənələri” monoqrafiyası hazırlanıb. Buna görə də muzey tələbələrin Nizaminin yaradıcılığı, onun ədəbiyyata təsiri və xalqlarımızın çoxəsrlik mədəni əlaqələri ilə daha dərindən tanış ola biləcəyi məkana çevrilə bilər.
“Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinin gələcəkdə daha da genişləndirilməsində maraqlıyıq”
– Universitetdə Azərbaycan dili və ədəbiyyatının tədrisinin genişləndirilməsi və ya azərbaycanşünaslıq üzrə ayrıca təhsil proqramının yaradılması imkanlarına baxılırmı?
– Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinin gələcəkdə daha da genişləndirilməsində maraqlıyıq. Bu gün də mədəni-təhsil əməkdaşlığı universitetin Azərbaycanla əlaqələrində mühüm yer tutur. Universitetdə iki xalqın ümumi ədəbi və mədəni irsinə həsr olunmuş elmi və maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir. Bunun parlaq nümunəsi 2026-cı ilin aprelində keçirilmiş “Nizami Gəncəvi və Əlişir Nəvainin paralelləri” konfransıdır. Buna görə də Azərbaycan dili və mədəniyyəti ilə bağlı tədris kurslarının və proqramlarının inkişafını gələcək əməkdaşlığın perspektivli istiqaməti kimi nəzərdən keçiririk.
– Azərbaycan və Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldiyi bir dövrdə təhsil sahəsində qarşınıza hansı yeni məqsədləri qoyursunuz?
– Bu gün qarşımızda müttəfiqlik münasibətlərini həm də konkret təhsil layihələri ilə reallaşdırmaq vəzifəsi dayanır. Biz istəyirik ki, Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq yalnız razılaşmalar səviyyəsində deyil, həm də bilavasitə tələbələr, müəllimlər, tədqiqatçılar və təhsil müəssisələri vasitəsilə inkişaf etsin. Əsas istiqamətlərimiz akademik mobillik, birgə elmi tədqiqatlar, pedaqoqların ixtisasartırması, birgə təhsil proqramlarının inkişafı və mədəni əlaqələrin möhkəmləndirilməsidir. Artıq bu gün konkret nəticələrimiz var: tələbə və müəllim mübadiləsi, birgə seminarlar, elmi konfranslar, pedaqoqların peşəkar inkişafı və Füzulidəki məktəbin məzunlarının qrant əsasında təhsil alması. Növbəti mərhələ bu əməkdaşlığı daha sistemli etmək, yeni təhsil müəssisələri cəlb etməklə genişləndirməkdir.
siyasət siyasi xəbərlər rektor müsahibə Özbəkistan Azərbaycan





Mənbə: lent.az