Azərbaycanda su sahəsində ixtisaslı mühəndislərin çatışmazlığı mövcuddur və bu istiqamətdə düşüncə tərzinin dəyişdirilməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, ölkədə su mühəndislərinin sayı məhduddur və bu sahədə kadr hazırlığı prioritet məsələdir.
"Ötən il Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu ilə memorandum imzalanaraq su mühəndisliyi üzrə yeni təhsil proqramı elan olunub. Proqram Azərbaycanın su hövzələri üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqram üzrə 25 tələbə qəbulu planlaşdırmışdıq. Lakin cəmi 17 nəfər müraciət edib. Onlardan 12-si qəbul imtahanını keçdi, nəticədə isə yalnız 10 nəfər təhsilə başladı. Bu, ciddi siqnaldır".
Şöbə rəisinin sözlərinə görə, əsas problem yalnız say məsələsi deyil, həm də yanaşmadır:
"Əksər sahələrdə resurs varsa, mütəxəssisə ehtiyac yaranır. Məsələn, neft varsa, mütləq neft mühəndisinə ehtiyac olur. Su sektorunda isə yanaşma fərqlidir. Su bol olanda onu idarə etməyə ciddi ehtiyac hiss edilmir. Halbuki su məhdudlaşdıqda məhz o zaman peşəkar mütəxəssislərə ehtiyac artır. Biz hazırda məhz belə bir mərhələdəyik".
R.Axundzadə bildirib ki, su ehtiyatlarının məhdudluğu fonunda ixtisaslı kadr hazırlığının genişləndirilməsi və bu sahəyə marağın artırılması üçün düşüncə tərzinin dəyişdirilməsi vacibdir.