IMG-LOGO

BP: "Mərkəzi Azəri" platformasında CAGE layihəsi sentyabrda yekunlaşacaq

06 Aug 2026 13:50 5 baxış
IMG

Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda fəaliyyət göstərən "Mərkəzi Azəri" platformasında icra edilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin cari ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu məlumat blokun operatoru olan "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından 2025-ci ilin birinci yarısının nəticələrinə dair yayımladığı hesabatda əks olunub.

Hesabatda qeyd edilib ki, "Mərkəzi Azəri" platformasında davam edən CAGE layihəsi çərçivəsində işlər ilin ilk altı ayı ərzində müəyyən olunmuş plana müvafiq şəkildə aparılıb: "Bu layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri yeniləri ilə əvəz edilərək köklü surətdə modernləşdirilib. Bütün bu əməliyyatlar platformadakı proseslərin fasiləsiz davam etməsi şərti ilə, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsizlik tələblərinə riayət edilməklə və müəyyən edilmiş qrafiki qabaqlayaraq həyata keçirilib".

Bildirilib ki, CAGE layihəsi "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma imkanını genişləndirmək hədəfinə yönəlib və mövcud quyulardan neft hasilatını maksimal səviyyəyə çatdırmağa dəstək vermək üçün nəzərdə tutulub: "Layihənin icrasına yanvar ayında start verilib. Layihə çərçivəsində planlaşdırılan digər modifikasiya işləri cari ilin avqust ayında Mərkəzi Azəri platformasında keçiriləcək planlı profilaktik təmir proqramı zamanı reallaşdırılacaq. Bundan sonra qalan bütün yekun işlərin tamamlanması ilə sentyabr ayında layihə tam başa çatdırılacaq".

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsinə dair saziş (PSA) 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ təsis edilib.

2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarı və hasilatın pay bölgüsünə dair yenilənmiş saziş imzalanıb. Bu müqavilə yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də pay sahibləri bunlardır: BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %).

Mənbə: report.az

Xəbər lenti