IMG-LOGO

Yaxın perspektivdə Azərbaycanda sosial şəbəkələr daha təhlükəsiz platformaya çevriləcək - RƏY

05 Aug 2026 16:59 3 baxış
IMG

Yaxın perspektivdə Azərbaycanda sosial şəbəkələr daha təhlükəsiz platformaya çevriləcək.

Bunu "Report"a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, sosial şəbəkələrlə bağlı yaxın gələcəkdə Azərbaycanda tam yeni hüquqi reallığın formalaşacağı gözlənilir:

"Bu istiqamətdə atılan addımlar da məhz həmin məqsədə xidmət edir. Çünki uzun müddət sosial şəbəkələr üzərindən hüquqa və əxlaqa zidd paylaşımlar edilir, bəzi istifadəçilər isə müxtəlif qanunsuz fəaliyyətlərlə məşğul olurlar. Məhz buna görə də qanunvericiliyə müvafiq dəyişikliklər edildi".

Sosioloq Prezident İlham Əliyevin "Rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiya və kontentlərdən qorunması"na dair Sərəncamı xatırladıb:

"Həmin Sərəncamda Nazirlər Kabinetinə sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə mexanizmlərinin hazırlanması, eləcə də istifadə zamanı yaş məhdudiyyətlərinin və uşaqların məxfiliyinin qorunmasına dair hüquqi mexanizmlərin işlənib hazırlanaraq dövlət başçısına təqdim edilməsi tapşırılmışdı. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də tapşırıqlar sırasında yer alırdı. Sərəncamda həmçinin qeyd olunurdu ki, məktəblərdə və digər təhsil müəssisələrində kurikulumlara və tədris proqramlarına sosial şəbəkələrdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirici mövzular daxil edilməlidir. Bundan əlavə, süni intellekt texnologiyalarına dair strategiya qəbul edildi, "Telekommunikasiya haqqında" qanuna dəyişikliklər edildi. Eyni zamanda, Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olundu və burada sosial şəbəkələr seqmenti də ayrıca nəzərə alındı".

Ü.Şəfiyev vurğulayıb ki, bunlarla Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən yeni hüquqi reallıq formalaşır və bu sahədə dövlət tərəfindən sistemli hüquqi çərçivə yaradılır:

"Bununla yanaşı, inzibati məsuliyyət tədbirləri çərçivəsində də sosial şəbəkələr üzərindən hüquqazidd fəaliyyət göstərən, qanun pozuntularına yol verən şəxslərlə bağlı müvafiq sanksiyalar nəzərdə tutulub. Bu tədbirlər həm fiziki və hüquqi şəxslərə, həm vəzifəli şəxslərə, həm də sosial şəbəkə platformalarının provayderlərinə şamil edilir".

Sosioloq hesab edir ki, bütün bu inzibati və hüquqi tənzimləmə tədbirləri ilə yanaşı, ictimai iştirakçılığın və sosial nəzarət mexanizmlərinin də gücləndirilməsi vacibdir.

"Xüsusilə, valideynlərin uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair maarifləndirici nəzarətə ehtiyac var. Bunun üçün isə valideynlərin özlərinin də rəqəmsal savadlılığının artırılması mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, hüquqi tənzimləmə, inzibati tədbirlər və ictimai maarifləndirmə birlikdə həyata keçirildiyi təqdirdə, yaxın perspektivdə Azərbaycanda sosial şəbəkələr daha təhlükəsiz platformaya çevriləcək. Nəticədə uşaq və yeniyetmələr sosiallaşarkən sosial şəbəkə platformaları onlar üçün zərərli deyil, təhlükəsiz və faydalı bir rəqəmsal mühit olacaq", - o vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti