Qazaxıstanın Kurık limanında PPM-1 və PPM-2 dartma körpülərinin modernləşdirilməsi üzrə işlər başa çatıb.
"Report"un yerli bürosu Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, yenilənmə bərələrin emalını sürətləndirməyə və daşınan yüklərin həcmini artırmağa imkan verib.
Dəmir yolu bərələrinin emalı vaxtı 18 saatdan 12 saata, avtomobil bərələrinin isə 10 saatdan 6 saata qədər azaldılıb. Üstəlik, dəmir yolu bərələrin tutumu 40 vaqondan 48 vaqona qədər artırılıb.
"Kurık limanı ilə bağlı modernləşdirmə işləri onun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) rolunu gücləndirir və Qazaxıstanın tranzit imkanlarını genişləndirir", - məlumatda qeyd olunub.
Mənbə: report.az