IMG-LOGO

Qulaqdakı bu əlamətlər ciddi xəstəlik xəbərçisi ola bilər

05 Aug 2026 13:35 3 baxış
IMG
11 0

Əksər insanlar qulaqları yalnız eşitmə orqanı hesab etsələr də, əslində onlar orqanizmdə daha vacib funksiyalar yerinə yetirir. Daxili qulaqda yerləşən tarazlıq sistemi sayəsində insan ayaq üstə dayana, rahat yeriyə və ətraf mühitdə istiqamətini müəyyən edə bilir. Həkimlər bildirirlər ki, eşitmənin qəfil zəifləməsi, qulaqda davamlı küy və ya ağrı bəzən ciddi xəstəliklərin ilk əlaməti ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bir qulaqda qəfil eşitmə itkisi və ya səslərin boğuq eşidilməsi sadəcə qulaq kiri ilə əlaqələndirilməməlidir. Belə hallar qəfil sensorinevral eşitmə itkisinin göstəricisi ola bilər və təcili tibbi müdaxilə tələb edir.

Həkimlər vurğulayırlar ki, müalicəyə nə qədər tez başlanılsa, eşitmənin tam və ya qismən bərpa olunması ehtimalı bir o qədər yüksək olur. Qulaqda uzun müddət keçməyən küy və ya cingilti də diqqətdən kənarda qalmamalıdır. Bu əlamət eşitmə aparatının zədələnməsi, yüksək qan təzyiqi, çənə oynağındakı problemlər və ya bəzi dərmanların yan təsiri nəticəsində yarana bilər.

Həkimlər qeyd edirlər ki, daxili qulaq qan dövranındakı dəyişikliklərə çox həssasdır. Buraya oksigen və qida maddələri çox nazik damarlar vasitəsilə çatdırılır. Ateroskleroz və şəkərli diabet kimi xəstəliklər bu damarları zədələdikdə, eşitmə qabiliyyəti də zəifləyə bilər.

Ürək-damar sistemi ilə bağlı problemlər bəzən nəbzin ritminə uyğun gələn döyüntülü qulaq küyü ilə özünü göstərə bilir. Bu hər zaman ürək xəstəliyi demək olmasa da, həkimlər qan təzyiqinin mütəmadi yoxlanılmasını tövsiyə edirlər. Başgicəllənmə də hər zaman təzyiqin dəyişməsi ilə əlaqəli olmur. Daxili qulağın fəaliyyətində yaranan pozğunluqlar insanın ətrafın fırlandığını hiss etməsinə, ürəkbulanma və tarazlığın pozulmasına səbəb ola bilər.

Qulaq nahiyəsində güclü ağrı da mütləq qulaq iltihabı anlamına gəlmir. Bəzən diş problemləri, badamcıqların iltihabı və ya boğaz infeksiyaları ağrını qulağa ötürə bilər. Qulaqdan maye və ya qan gəlməsi isə xüsusilə təhlükəli əlamət sayılır. Bu, bakterial infeksiya, qulaq pərdəsinin zədələnməsi və ya travmanın göstəricisi ola bilər. Belə hallarda vaxt itirmədən otorinolarinqoloqa müraciət etmək vacibdir.

Həkimlər qulaqda qaşınmanı pambıq çöplərlə aradan qaldırmağa çalışmağın düzgün olmadığını bildirirlər. Bu, qulaq kanalının zərif dərisini zədələyə və infeksiyanın daha dərinə yayılmasına səbəb ola bilər. Onların sözlərinə görə, vaxtında diaqnostika və düzgün müalicə eşitmə qabiliyyətinin qorunması üçün əsas şərtlərdən biridir.

Sağlıq qulaq qulaq problemləri

Mənbə: lent.az

Xəbər lenti