Bir çoxları müşahidə edib ki, kiçik cins itlər iri itlərlə müqayisədə daha çox hürür, daha tez qıcıqlanır və insanlara və ya digər heyvanlara qarşı aqressiv davranış nümayiş etdirirlər. Baytarlar bildirirlər ki, bunun arxasında bir neçə mühüm səbəb dayanır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, taksa, Cek Rassel teryeri və çihuahua kimi kiçik cinslər sahiblərinə və yad insanlara qarşı aqressiya göstərməyə daha meyilli olur. Halbuki bir çox iri cins itlər daha sakit xarakteri ilə seçilir.
Mütəxəssislərin sözlərinə görə, əsas səbəblərdən biri onların kiçik ölçülü olmasıdır. Balaca itlər üçün ətraf mühit daha təhlükəli görünür. İnsanlar, digər heyvanlar və hətta gündəlik səslər belə onlar tərəfindən təhlükə kimi qəbul oluna bilər. Bu da daha tez hürməyə və ya aqressiv reaksiya verməyə səbəb olur.
Digər amil isə sinir sisteminin xüsusiyyətləridir. Bəzi kiçik cinslərdə emosional həssaslıq və həyəcanlanma səviyyəsi daha yüksəkdir. Baytarlar bunu uzun illər aparılan seleksiya prosesi ilə əlaqələndirirlər.
Mütəxəssislər sahibkarların davranışlarının da böyük rol oynadığını vurğulayırlar. Bir çox insan kiçik itlərə oyuncaq kimi yanaşır, onları həddindən artıq əzizləyir, lakin kifayət qədər gəzintiyə çıxarmır, sosiallaşdırmır və təlim keçmir. Bundan əlavə, kiçik itlər çox vaxt tərbiyə baxımından da güzəşt görür. Məsələn, alman çoban iti və ya labradora icazə verilməyəcək davranışlar çihuahua və ya taksada çox vaxt normal qarşılanır. Bu isə problemli vərdişlərin formalaşmasına səbəb olur.
Baytarlar qeyd edirlər ki, aqressivlik yalnız itin ölçüsündən asılı deyil. Düzgün sosiallaşma, müntəzəm gəzintilər, təlim və ardıcıl tərbiyə sayəsində ən kiçik cins itlər belə sakit və balanslı dosta çevrilə bilər. Əksinə, ölçüsündən asılı olmayaraq, tərbiyəsiz qalan hər bir it problemli davranış nümayiş etdirə bilər.
Heyvanlar aləmi itlər aqressiv itlərMənbə: lent.az