İran və Oman arasında Hörmüz boğazı vasitəsilə gələcək gəmiçilik şərtlərinə dair əldə oluna biləcək razılaşmalar onun dərhal açılmasına səbəb olmayacaq.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə IRIB dövlət telekanalı məlumat yayıb.
"Hətta İran və Oman arasında razılaşma əldə olunsa belə, ABŞ tərəfindən pozuntular davam etdiyi müddətcə boğaz bağlı qalacaq. Hörmüz boğazının açılması Vaşinqtonun davranışının dəyişməsindən və onların yol verdiyi pozuntuların aradan qaldırılmasından asılıdır", - deyə telekanalın mənbəyi bildirib.
Bu bəyanat İran mediasının, Tehranın ABŞ-ın danışıqlara müdaxiləsini dayandırması şərti ilə yeni naviqasiya dəhlizinin yaradılmasına dair Maskatla razılaşma əldə etməyə yaxın olduğu barədə xəbərlərindən sonra verilib.
Mənbə əlavə edib ki, gələcək naviqasiya şərtləri ilə bağlı danışıqlar müstəsna olaraq Tehran və Maskat arasında aparılır və bunun "ABŞ-yə heç bir aidiyyəti yoxdur".
"İran və Oman arasında gəmilərin Hörmüz boğazından keçid şərtlərinə dair ehtimal olunan razılaşmanın bu boğazın dərhal açılmasına heç bir aidiyyəti yoxdur", - deyə o bildirib.
Mənbə: report.az