IMG-LOGO

Nasar Hayat: "Qarabağ və Şərqi Zəngəzur rəqəmsal kənd təsərrüfatı üçün böyük potensiala malikdir" - MÜSAHİBƏ

05 Aug 2026 10:59 6 baxış
IMG

Azərbaycan son illər kənd təsərrüfatının inkişafını iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və regionların sosial-iqtisadi inkişafı üçün əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" qarşıdakı illərdə aqrar sektorun inkişafının əsas yol xəritəsini müəyyənləşdirir.

Qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında beynəlxalq tərəfdaşlarla əməkdaşlıq xüsusi rol oynayır. Bu tərəfdaşlar sırasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xüsusi yer tutur. Uzun illərdir davam edən əməkdaşlıq çərçivəsində təşkilat Azərbaycanda aqrar siyasətin təkmilləşdirilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması, rəqəmsal həllərin tətbiqi, fitosanitar və baytarlıq xidmətlərinin gücləndirilməsi, həmçinin təbii ehtiyatlardan səmərəli istifadə istiqamətlərində müxtəlif layihələrə dəstək verir.

FAO-nun Azərbaycandakı nümayəndəsi, FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat "Report"a müsahibəsində əməkdaşlığın hazırkı vəziyyəti, qarşıdakı dövr üçün prioritetlər daxil olmaqla, mühüm məsələlərə toxunub. Müsahibəni təqdim edirik:

- FAO ilə Azərbaycan hökuməti arasında əsas əməkdaşlıq istiqamətlərini müəyyən edən Ölkə Proqram Çərçivəsi sənədi üzrə hazırda hansı prioritet layihələr həyata keçirilir və onların əsas nəticələri nələrdir?

- FAO-nun Azərbaycandakı fəaliyyəti çoxşaxəlidir və yalnız hökumətlə həyata keçirdiyimiz layihələrlə məhdudlaşmır. Belə ki, bizim fəaliyyətimiz yerli səviyyədəki icmalardan tutmuş milli, regional və qlobal səviyyəli məsələləri əhatə edir. Kənd təsərrüfatı və ərzaq dəstəyi üzrə bu böyük çərçivəni nəzərdən keçirən zaman onu ayrı-ayrı ölkələr üzrə bölüşdürürük. Ölkə Tərəfdaşlıq Çərçivəsi də məhz bu zaman dövriyyəyə daxil olur. Bundan başqa, FAO-nun Qlobal Strateji Çərçivəsi var. Lakin bu strateji çərçivənin Azərbaycanda necə reallaşdırılması isə Ölkə Proqram Çərçivəsinin tərkib hissəsidir. Bu da iki əsas amillə bağlıdır: ölkənin nəyə ehtiyacı var? hökumətin prioritetləri nədən ibarətdir? Azərbaycana gəlincə, bizim Kənd Təsərrüfatı Nazirliyi ilə çox sıx əməkdaşlığımız var. Ölkənin milli tələbatları ilə FAO-nun texniki tövsiyələri bir-birinə tam uyğunlaşdırılır.

Hazırda Azərbaycanda bir sıra prioritet istiqamətlər üzrə işləyirik. Məsələn, torpağın keyfiyyətinin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması, bitki mühafizəsində bioloji mübarizə üsullarının tətbiqi, rəqəmsal kənd təsərrüfatının inkişafı, torpaq laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması, iqlim dəyişikliyinə uyğunlaşma, eləcə də kənd icmalarının potensialının gücləndirilməsi istiqamətində layihələr həyata keçiririk.

- Azərbaycanın kənd təsərrüfatı sektorunun gələcəyi üçün gənclərin bu sahəyə marağının artırılması nə dərəcədə vacibdir? Hazırda gənclərin bu sektora cəlb olunmasına mane olan əsas sosial-iqtisadi manelər hansılardır?

- Gənclərin kənd təsərrüfatına cəlb edilməsi təkcə Azərbaycan üçün deyil, istənilən ölkə üçün son dərəcə vacib məsələdir. Hazırda kənd təsərrüfatı ilə məşğul olan insanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Bəs bu yaşlı nəsildən sonra kənd təsərrüfatı ilə kim məşğul olacaq? Kənd təsərrüfatının, qida sisteminin toxunulmaz qalmasına, gələcək nəsillərə ötürülməsinə diqqətlə yanaşmalıyıq.

Azərbaycanda aqrar sektor ilə bağlı vəziyyət çox maraqlıdır. Əhalinin 22 %-dən çoxu 14-29 yaşlardakı gənclərdir. Amma ölkədə kənd təsərrüfatı ilə məşğul olan gənclərin sayı azalır. Bunun bir sıra səbəbləri var. Hazırda Azərbaycanda təxminən 900 min ailə təsərrüfatı var. Şəhərlərdə həyat səviyyəsi, iş imkanları və yaşayış keyfiyyəti müqayisəolunmaz dərəcədə yüksək olduğu üçün gənc nəslin böyük əksəriyyəti şəhərlərə köçməyə üstünlük verir.

Bəs gələcəkdə gəncləri kənd yerlərində saxlamaq üçün nə etmək lazımdır? Bunun üçün ilk növbədə aqrar sahə daha gəlirli olmalıdır. Əgər kənd təsərrüfatında daha çox pul olarsa, insanlar kəndlərdə qalaraq bu sahə ilə məşğul olacaqlar. Hazırda bir çox gənc texnologiya və şəhər həyatını daha perspektivli və rahat hesab edir. Lakin gənclərə bu rahat həyatın və pul qazanmağın kənd təsərrüfatında da mümkün olduğu ismarışını çatdırmalıyıq.

İkinci çağırış isə daha çox sosiolojidir. Çünki gənclərin çoxu babalarının kənd təsərrüfatı ilə necə məşğul olduğunu görüb. Babaların kənd təsərrüfatı fiziki baxımdan ağır idi, köhnə üsullardan və köhnə texnologiyalardan istifadə olunurdu. Buna görə də gənclər bu sahə ilə məşğul olmaq istəmirlər. Lakin son illər ərzində kənd təsərrüfatı dəyişib. Bu, artıq yalnız torpağı qazıb toxum səpməkdən ibarət deyil. Əlbəttə, bunun vacib olmadığını demirəm. Torpağı şumlamaq, tarlanı hazırlamaq, toxumları səpmək, onları suvarmaq və s. çox vacibdir. Amma hazırda kənd təsərrüfatı artıq sensorlar, süni intellekt, dronlardan və peyk təsvirlərindən istifadə deməkdir.

- Kənd təsərrüfatında rəqəmsallaşma azərbaycanlı fermerlərin gündəlik fəaliyyətini necə dəyişə bilər? Sizcə, rəqəmsal kənd təsərrüfatına keçiddə ən böyük maneə texnologiyalara dair əlçatanlılıqla, yoxsa fermerlərin rəqəmsal savadlılığı ilə bağlıdır?

- Hesab edirəm ki, aqrar sektorda dəyişikliklərin tətbiqi mərhələli prosesdir. Fermerlər uzun illər ərzində formalaşmış təcrübəyə əsaslanır. Torpağı necə becərməyi valideynlərindən və babalarından öyrəniblər, bu biliklərə güvənirlər. Buna görə yeni texnologiyaların tətbiqi vaxt, etibar və onların praktik üstünlüklərinin nümayiş etdirilməsini tələb edir. Rəqəmsal texnologiyalardan istifadə edərkən kənd təsərrüfatı sektorunda gördüyüm ən böyük çətinliklərdən biri budur. Bu, yalnız Azərbaycana aid deyil. Bir çox ölkələrdə də oxşar vəziyyətlə qarşılaşırıq. Digər tərəfdən, fermerlər çox ağıllı insanlardır. Buna görə də problemlərinin həlli üçün yollar axtarırlar. Aqrar sektorda problemlər rəqəmsal innovasiyalar vasitəsilə həll oluna bilər.

Kənd təsərrüfatında rəqəmsallaşma süni intellektdən istifadə etməklə fermerlərin işini asanlaşdırmaq, məhsuldarlığı artırmaq deməkdir. Bu yanaşma fermerlərə bitki-heyvan xəstəliklərinin müalicəsi, bazar qiymətləri, sərfəli resurslar, eləcə də dəqiq hava proqnozu haqqında vacib məlumatları vaxtında əldə etmək imkanı verir. Əsas hədəf isə bütün bu mürəkkəb məlumatları fermerlərə ən sadə, rahat və anlaşıqlı rəqəmsal həllər vasitəsilə çatdırmaqdır.

Azərbaycan cəmiyyətində internet və mobil xidmətlərdən geniş şəkildə istifadə olunur. Demək olar ki, hər birimizin telefonu, smartfonu var. Beləliklə, biz fermerlərə başa salmalıyıq ki, bu smartfondan rəqəmsal kənd təsərrüfatı vasitəsi kimi necə istifadə edə bilərlər.

- Hazırda kənd təsərrüfatı ilə bağlı əsas problemlərdən biri su qıtlığı və su ehtiyatlarından səmərəli idarə olunması ilə bağlıdır. Bu məsələlər Azərbaycanın bitkiçilik sektorunun gələcəyi üçün nə dərəcədə kritik əhəmiyyət kəsb edir?

- Əlbəttə ki, su ehtiyatları kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edir. Qlobal miqyasda şirin su ehtiyatlarının təxminən 70 %-i kənd təsərrüfatı məqsədi üçün istifadə olunur. Azərbaycanda su çatışmazlığı getdikcə daha böyük çağırışa çevrilir. Birincisi, Azərbaycan bütün çaylar üçün aşağı axar ölkəsidir. Azərbaycanda şirin suyun böyük hissəsi qonşu ölkələrdən axan çaylar hesabına formalaşır. Buna görə də, sudan necə səmərəli istifadə edilə biləcəyi müəyyənləşdirməlidir. Bakıdan kənardakı bəzi kənd icmalarında səmərəli suvarma sistemləri mövcuddur. Yüksək səmərəli suvarma sistemi dedikdə, su itkisini azaldan damcı suvarma, çiləmə suvarma və bu kimi digər üsulları nəzərdə tuturam. Beləliklə, su ehtiyatları olmadan biz ehtiyacımız olan ərzağı istehsal edə bilməyəcəyik. Su Azərbaycanın kənd təsərrüfatı sektoru üçün məhz bu dərəcədə kritik əhəmiyyət daşıyır. Biz artıq mövcud olan sudan ən yaxşı şəkildə istifadə etməliyik. Normadan artıq suvarma aparmamalıyıq, suyun günəş altında buxarlanmasına imkan verməməliyik. Düşünürəm ki, hazırda Azərbaycan müasir suvarma vasitələrini fermerlər və təsərrüfat icmaları arasında genişləndirmək istiqamətində çox yaxşı işlər görür. Gələcəkdə su çatışmazlığı daha böyük bir çağırışa çevrildikcə, Azərbaycan elm, texnologiya və yüksək səmərəli suvarma sistemlərindən istifadə edərək bununla mübarizə aparmağa hazır olacaq.

- Yaxın 5-10 il ərzində Azərbaycan kənd təsərrüfatında ən böyük transformasiya hansı sahədə baş verə bilər - rəqəmsallaşma, iqlimə uyğunlaşma, aqro-emal, ixrac, yoxsa kənd yerlərinin sosial inkişafı?

- Rəqəmsal texnologiyalardan istifadə etmədən iqlim dəyişikliyinə uyğunlaşma üzərində işləyə bilmərik. Kənd icmalarının sosial-iqtisadi aspektlərini inkişaf etdirmədən kənd təsərrüfatı gəlirlərini və ya mənfəətini artıra bilmərik. Buna görə mənim üçün bu sahələrin hamısı vacibdir və biri digərindən daha üstün deyil. Əksinə, onlar bir-birini tamamlayır. Fikrimcə, Azərbaycanın kənd təsərrüfatı sektorunun növbəti 5–10 ildə edə biləcəyi ən vacib şey rəqəmsal texnologiya və innovasiyalardan istifadə edərək iqlim dəyişikliyinə daha çox uyğunlaşmaqdır. Bu da öz növbəsində kənd icmalarının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək. Yəni bunların hamısı bir-biri ilə sıx bağlıdır, birini digərindən ayırmaq çox çətindir.

- Gənclərin kənd yerlərində qalması və məşğulluğunun təmin olunması üçün "Ağıllı kənd" (Smart Village) konsepsiyası hansı yeni imkanlar yarada bilər? Bu model Azərbaycanda hansı regionlarda daha uğurlu tətbiq oluna bilər?

- Məncə, "ağıllı kənd" və "gənclər" anlayışları bir-biri ilə sıx bağlıdır. Gənclərimizin ağıllı olmasına çox şadam. Lakin bilirsiniz, biz "ağıllı kəndlər" haqqında danışarkən, icma və ya kənd daxilindəki bütün təbii ehtiyatların idarə olunmasında texnologiyadan istifadəni nəzərdə tuturuq. Texnologiyadan istifadə yalnız rabitə ilə məhdudlaşmır. Bu həm də torpağa, onun rütubətliliyinə baxmaq, suvarma üçün nə vaxt və hansı imkanların olduğunu müəyyənləşdirmək və bu kimi digər məsələləri əhatə edir. Qarabağ regionundakı Ağalı kəndində pilot layihə həyata keçirdik və bu, çox uğurlu oldu. Konsepsiyanı təqdim etmək üçün orada bir sıra fermer icmaları ilə işlədik. Bu, hazırda Azərbaycanın istənilən yerində mümkündür. Düşünürəm ki, Qarabağ və Şərqi Zəngəzur regionu bu baxımından daha yüksək potensiala malikdir və ölkənin kənd təsərrüfatı sisteminin bir hissəsinə çevrilən regionlardır. Lakin deməzdim ki, bu, ölkənin digər yerlərində mümkün deyil. Yəni biz doğru alətlərə, resurslara və insanların istəyinə sahib olduğumuz müddətdə, bunu istənilən icma ilə istənilən yerdə edə bilərik. İlk məsələ insanları bir araya gətirməkdir.

- Rəqəmsal texnologiyalar və "AgTech" kənd təsərrüfatını daha cəlbedici biznes sahəsinə çevirə bilərmi? Süni intellekt, dronlar, sensorlar və avtomatlaşdırılmış sistemlər burada hansı yeni peşə və biznes imkanları yaradır?

- Resurslarımızdan ən səmərəli şəkildə yararlanmaq istəyiriksə rəqəmsal texnologiyalardan istifadə etməliyik: həm torpaq, həm su, həm də digər vasitələr. Biz daha davamlı bir şəkildə mənfəətimizi maksimuma çatdırmaq üçün bu resurslardan ən yaxşı formada istifadə etmək istəyirik. Ətraf mühitə zərər vurmadan, torpağa xələl gətirmədən daha çox mənfəət əldə etməliyik. Rəqəmsal texnologiyanın da əsas rolu məhz buradadır. Hazırda biz təsərrüfatın hansı hissəsinin normadan artıq, hansı hissəsinin isə az suvarıldığını, hansı ərazidə azot, kalium və ya kalsium çatışmazlığı olduğunu bilmirik. Əlbəttə, bunu müəyyən etməyin yolları var, lakin bu, çox mürəkkəb prosesdir və çox vaxt aparır. Rəqəmsal texnologiya ilə isə bunu çox tez bir zamanda müəyyən edə bilərik. Bütün bu Böyük Dil Modelləri (LLM) kənd təsərrüfatı və aqrar sektor ilə bağlı fəaliyyətlər üzrə daha çox təlimatlandırılır. İndi siz mobil telefonunuzdan istifadə edərək şəhərdəki istənilən restorandan yemək sifariş edə bilirsiniz. Lakin mən gənc olarkən belə bir imkanımız, seçimimiz yox idi. Bax, biz fermerlər üçün də məhz bu şəkildə rəqəmsal bazar yarada bilərik. Məsələn, bununla onlar 1 kiloqram pomidorun dəqiq qiymətinin nə qədər olduğunu bilərlər. Bu günlərdə pomidor sahələrdən birbaşa satılarkən çox ucuz satılır. Mən buna çox üzülürəm. Çünki hesab edirəm ki, istehsal maya dəyəri bu qiymətdən daha yüksəkdir. Bəs bu zaman kim pul itirir? Əlbəttə, fermer. Rəqəmsal texnologiyalardan istifadə ilə hər kəs üçün faydalı olan "qazan-qazan" (win-win) vəziyyətini yarada bilərik. Bu yanaşma Azərbaycandakı gənclər daxil olmaqla, hər kəs üçün davamlı gələcək deməkdir. Ona görə də biz diqqətimizi gənc nəslə daha çox yönəldirik. Bir çox gənc kənd təsərrüfatını müasir peşə kimi görmür. Çünki onlar babalarının kənd təsərrüfatı ilə necə məşğul olduğunu görüblər. Bu gün onlar kənd təsərrüfatının nə demək olduğunu bilmirlər. Gənclərlə, tələbələrə izah etməyə çalışıram ki, bu, artıq sizin babalarınızın, ulu babalarınızın dövründəki kənd təsərrüfatı deyil. Bu, 70 il və ya 100 il əvvəlkindən tamamilə fərqlidir. Bu, 21-ci əsrin kənd təsərrüfatıdır.

Mənbə: report.az

Xəbər lenti