"Neftçi" basketbol klubunun yeni baş məşqçisi Konstantinos Vasiliadisin rəhbərliklə baxışları tam üst-üstə düşür.
Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.
Yunanıstanlı baş məşqçi komandaya gəlişinin səbəbini belə əsaslandırıb:
"Yenidən başlamaq, fərqli bir sistem qurmaq və yüksək səviyyədə rəqabət aparmaq istəyən komandaya gəlmək mənim üçün böyük fürsətdir. Oyunçu kimi Avroliqada çıxış edərkən də həmişə mübariz olmuşam. Klub rəhbərliyi ilə gələcəklə bağlı baxışlarımız və komandanı necə qurmaq istədiyimizlə bağlı yanaşmalarımız tam üst-üstə düşür. Bu qərarı verdiyim üçün şadam".
O, çempionatın səviyyəsinə və komandanın heyətinə toxunub:
"Çempionatın səviyyəsinə bələdəm və son aylarda komandalar, eləcə də oyunçular haqqında daha çox məlumat toplamışam. Düşünürəm ki, liqanın səviyyəsi kifayət qədər yüksəkdir. İndiyə qədər etdiyimiz transferlərdən çox razıyam. Heyətimizdə usta basketbolçular, vaxtilə NBA-da çıxış etmiş oyunçular və çox yaxşı yerli kadrlar var. Keyfiyyətli iş ərsəyə gətirmişik və ümid edirəm ki, zəhmətimiz sayəsində həm yerli çempionatda, həm də Avropada ən güclü rəqiblərlə mübarizə apara biləcəyik".
Konstantinos Vasiliadis cari mövsüm üçün əsas hədəflərindən danışıb:
"Bu il yeganə məqsədimiz güclü oynayan, birgə mübarizə aparan, hər məşqdən və oyundan zövq alan komanda formalaşdırmaqdır. Meydanda öz dəst-xətti və aydın oyun tərzi olan kollektiv quracağıq. Azarkeşlərimizin və ölkə basketbolsevərlərinin oyunlarımıza gəlib bizimlə birlikdə bu həyəcanı yaşamasını istəyirik. Əlbəttə, yaxşı və pis günlərimiz olacaq, lakin birliyimizi qoruyub saxlasaq, yekunda fərqli və uğurlu nəticə göstərəcəyik".
Qeyd edək ki, "Neftçi" Konstantinos Vasiliadislə ilkin olaraq 2026/2027 mövsümünün sonunadək müqavilə bağlayıb. Yekunda isə müqavilənin müddətinin yenidən dəyərləndiriləcəyi bildirilib.
Mənbə: report.az