Pilotsuz uçuş aparatlarının (PUA) RF-nin Moskva vilayətinə hücumu nəticəsində beş nəfər həlak olub, daha altı nəfər yaralanıb.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, səhər hava hücumundan müdafiə qüvvələri PUA hücumunu dəf edib.
"Əsas nəticələr Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novosyolki sənaye zonasında PUA-nın düşməsi nəticəsində bir neçə yanğın baş verib. İlkin məlumata görə, beş nəfər həlak olub, daha altı nəfər yaralanıb", - Vorobyov Max-dakı kanalında yazıb.
O qeyd edib ki, bütün zərərçəkənlərə tibbi yardım göstərilir.
Həmçinin elektrik yarımstansiyasının və inzibati binanın zədələnməsi barədə məlumat verilib. Ərazidə təcili xidmətlər fəaliyyət göstərir.
Mənbə: report.az