Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı elan olunması türk dövlətləri arasında turizm, mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığı daha da genişləndirir.
Bunu "Report"un Türkiyə bürosuna Ankara valsinin müavini Hüseyn Çam bildirib.
H. Çam bu statusun təkcə Türkiyə üçün deyil, bütövlükdə Türk Dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini əlavə edib. Onun fikrincə, bu çərçivədə həyata keçirilən layihələr, beynəlxalq tədbirlər və birgə təşəbbüslər şəhərlər arasında əlaqələrin möhkəmlənməsinə və ortaq dəyərlərin daha geniş şəkildə təbliğinə xidmətdir:
"Türk dünyasının ortaq mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində təşəbbüslər ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan, əvvəlki illərdə Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması ortaq tarixi və mədəni irsin təbliği baxımından mühüm mərhələ olub".
Onun sözlərinə görə, Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı elan edilməsi də türk dövlətləri arasında turizm əməkdaşlığının inkişafına, qarşılıqlı səfərlərin artmasına, ortaq layihələrin həyata keçirilməsinə və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə yeni imkanlar yaradır.
"Beləliklə, Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı, Ankaranın isə Türk Dünyasının Turizm Paytaxtı statusunu daşıması ortaq tariximizin, mədəniyyətimizin və qardaşlıq əlaqələrimizin beynəlxalq müstəvidə daha geniş tanıdılmasına xidmət edən bir-birini tamamlayan mühüm təşəbbüslərdir" – vali müavini qeyd edib.
Mənbə: report.az