Bu gün Azərbaycan dili həm də milli təhlükəsizliyin mühüm elementlərindən biridir.
Bunu "Report"a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan dilini qorumaq, onu elmin və texnologiyanın dili səviyyəsinə yüksəltmək, gələcək nəsillərə daha zəngin şəkildə ötürmək hər birimizin həm vətəndaşlıq borcu, həm də milli-mənəvi məsuliyyətidir:
"İnformasiya müharibələrinin geniş vüsət aldığı, rəqəmsal platformaların ictimai rəyə ciddi təsir göstərdiyi bir şəraitdə dövlət dilinin norma və qaydalarının qorunması milli maraqların müdafiəsinin tərkib hissəsinə çevrilib. Rəsmi üslubda dil normalarına ciddi əməl olunması, təhsil müəssisələrində ana dilinin yüksək səviyyədə tədrisi, media və sosial şəbəkələrdə ədəbi dil normalarının təşviqi, cəmiyyətdə dil mədəniyyətinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir".
Nadir Məmmədli qeyd edib ki, Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:
"Hələ sovet dövründə onun prinsipial mövqeyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Müstəqillik illərində bu siyasət daha da inkişaf etdirilərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. 2001-ci ildə Ümummilli Lider tərəfindən avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi ana dilimizin qorunması, inkişafı istiqamətində dövlət siyasətinin mühüm mərhələsini təşkil edir".
Professor Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışına toxunaraq bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər dövlət dili siyasətinin yeni inkişaf mərhələsini müəyyən edən mühüm konseptual yanaşma kimi qiymətləndirilməlidir:
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, elmi tədqiqatlar yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət etməlidir. Prezident bu kimi çıxışlarında xüsusilə dil, tarix və milli kimlik istiqamətində aparılan araşdırmaların strateji əhəmiyyətini qeyd edib, normativ bazanın müasir çağırışlara uyğun yenilənməsinin vacibliyini diqqətə çatdırıb".
Direktor onu da əlavə edib ki, müasir dövrdə Azərbaycan dilinin hüquqi bazası kifayət qədər geniş olsa da, qloballaşma, rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni çağırışlar meydana çıxarıb:
"Xarici dillərin təsirinin artması, sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, yeni elmi və texnoloji terminlərin nizamsız şəkildə işlədilməsi, süni intellekt sistemlərində Azərbaycan dilinin yetərincə təmsil olunmaması normativ bazanın daim yenilənməsini zəruri edir".


Mənbə: report.az