Uşaqlarda məsuliyyət hissi birdən-birə formalaşmır. Mütəxəssislərin fikrincə, bunun üçün ən yaxşı üsullardan biri uşağa yaşına uyğun sadə ev tapşırıqları verməkdir. Əsas məqsəd uşağı məcbur etmək deyil, onu ailənin bir hissəsi olduğunu hiss etdirməkdir.
Lent.az bu tapşırıqları təqdim edir:
3-4 yaş: Sadə vərdişlərdən başlayın
Bu yaşda uşağa oyuncaqlarını qutuya yığmağı öyrətmək olar. İlk vaxtlarda bunu valideynin köməyi ilə etməsi normaldır. Əsas məqsəd uşağın toplama vərdişi qazanmasıdır.
5-6 yaş: Kiçik məsuliyyətlər verin
Bu yaş dövründə uşaq süfrə hazırlamaqda iştirak edə bilər. Məsələn, qaşıq və çəngəlləri düzəldə, gülləri sulaya bilər. Bu cür tapşırıqlar onun özünəinamını artırır.
7-8 yaş: Şəxsi məkanına cavabdeh olsun
Bu yaşda uşağa öz otağını tozsoranla təmizləmək və toz silmək kimi işlər həvalə etmək olar. Bu, onda nizam-intizam və məsuliyyət hissini inkişaf etdirir.
9-12 yaş: Daha ciddi tapşırıqlar
Bu yaşdakı uşaqlar artıq qab yumaq, paltaryuyan maşına paltar yerləşdirmək və evdə it varsa, onu gəzdirmək kimi işləri yerinə yetirə bilərlər.
Tapşırıqları konkret izah edin
Mütəxəssislər ümumi ifadələrdən istifadə etməməyi tövsiyə edirlər. Məsələn, "otağını yığışdır" demək əvəzinə, "konstruktoru qırmızı qutunun içinə yığ" kimi konkret göstəriş vermək daha effektivdir.
Nəticəyə yox, səyə görə tərifləyin
Valideynlər uşağı mükəmməl nəticəyə görə deyil, göstərdiyi səyə görə tərifləməlidirlər. Bu, onun motivasiyasını artırır və yeni tapşırıqları yerinə yetirməyə həvəsləndirir.
Uşağın yerinə işi özünüz görməyin
Əgər uşaq tapşırığını yerinə yetirmirsə, valideyn onun yerinə işi görməməlidir. Mütəxəssislər bunu "təbii nəticələr" adlandırırlar. Məsələn, uşaq paltarlarını paltaryuyan maşına qoymayıbsa, ertəsi gün geyinməyə təmiz paltarı olmaya bilər. Bu, məsuliyyət hissinin formalaşmasına kömək edir.
Valideynlərin ən böyük səhvi
Psixoloqlar bildirirlər ki, valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağa eyni anda çoxlu tapşırıq vermək və ya işi ideal görmədiyinə görə onu tənqid etməkdir. Məsələn, süfrəni səliqəsiz hazırladığı üçün uşağı danlamaq onun həvəsini azalda bilər. Buna görə də əvvəlcə yalnız bir tapşırıq verin. Uşaq həmin işi vərdiş halına gətirdikdən sonra növbəti məsuliyyəti ona həvalə edin.
Ev işlərinə görə cib xərcliyi vermək olarmı?
Mütəxəssislərin fikrincə, gündəlik ev işlərinə görə uşağa pul vermək düzgün yanaşma deyil. Çünki bunlar ailəyə verilən töhfə hesab olunur. Lakin avtomobil yumaq və ya əlavə görülən digər işlərə görə cib xərcliyi vermək mümkündür.
Uşaq tapşırığı yerinə yetirmək istəmirsə...
Belə vəziyyətdə sakit davranmaq vacibdir. Qışqırmaq və ya cəza vermək əvəzinə, nəticəni izah etmək daha faydalıdır. Məsələn, "Oyuncaqlarını yığışdırmasan, onları bir həftəlik qutuya yığacağam" demək uşağın məsuliyyətini dərk etməsinə kömək edə bilər.
Uşaq uşaq tərbiyəsi ev tapşırıqları valideyn məsləhətləri
Mənbə: lent.az