Uzun illərdir səhnə fəaliyyətini uğurla davam etdirən türkiyəli müğənni Sinan Özen sıx iş qrafikinə baxmayaraq, sağlam həyat tərzindən və nizam-intizamlı yaşamından danışıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, sakit və diqqət mərkəzindən uzaq həyat sürməyi seçən sənətçi qidalanmasına xüsusi diqqət yetirdiyini və mütəmadi idmanla məşğul olduğunu deyib.
Son olaraq Şimali Kiprdə səhnəyə çıxan Sinan Özen bir neçə ay əvvəl təqdim etdiyi "Herkes Biliyor" mahnısından da danışıb. O bildirib ki, mahnıları zaman keçdikcə daha çox sevilir və yaxın vaxtlarda yeni layihələrini təqdim edəcək.
"Mənim mahnılarım ərəb atı kimidir, həmişə sonradan açılır. İyulun sonunda ritmik yeni mahnımız çıxacaq. Bundan sonra daha tez-tez yeni mahnılar təqdim edəcəyəm", – deyə sənətçi bildirib.
Sinan Özen gənc və enerjili görünməsinin sirrini də açıqlayıb. O, özünə peşəkar idmançı kimi yanaşdığını vurğulayıb.
"Bacardığım qədər özümə peşəkar idmançı kimi baxmağa çalışıram. Bu, bədənimə və özümə olan hörmətimlə bağlıdır. Az yeyir və müntəzəm idman edərək həyatımı davam etdirirəm", – deyə ifaçı qeyd edib.
Müğənni daha əvvəl verdiyi açıqlamalarda estetik prosedurlardan və dəri baxımından da yararlandığını gizlətməyib. O, zaman-zaman botoks etdirdiyini bildirərək estetik müdaxilələrə qarşı olmadığını söyləyib.
Sinan Özen hesab edir ki, gənc görünmək təkcə estetik prosedurlardan asılı deyil:
"Bədənin gözəlliyi və gənclik bir qədər nisbi anlayışdır. Əsas məsələ həyatı və insanları sevməkdir. Arabir botoks etdirirəm, estetikə qarşı deyiləm. Sadəcə gözəl qocalmaq istəyirəm", – deyə sənətçi vurğulayıb.
Sağlam qidalanma, müntəzəm idman və pozitiv həyat tərzini bir arada saxlayan Sinan Özenin bu fikirləri sosial şəbəkələrdə də izləyiciləri tərəfindən maraqla qarşılanıb.
müğənni estetik idman sağlamlıqMənbə: lent.az