IMG-LOGO

78 yaşlı Şvartseneggerin uzunömürlülüyünün sirri: "Dincəlsən, pas atarsan"

21 Jul 2026 12:13 2 baxış
IMG
56 0

Hollivud ulduzu Arnold Şvartsenegger 78 yaşında olmasına baxmayaraq, aktiv həyat tərzi və yüksək fiziki forması ilə diqqət çəkməyə davam edir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor uzun illərin təcrübəsinə əsaslanaraq sağlam və güclü qalmağın əsas sirrini bölüşüb.

Şvartsenegger bildirib ki, gənclik illərində onun fəlsəfəsi "daha çox" prinsipi üzərində qurulmuşdu. Daha ağır çəkilər qaldırmaq, daha intensiv məşq etmək və bədəni maksimum yükləmək onun 13 dünya çempionluğu qazanmasına kömək edib. Lakin illər keçdikcə bu yanaşma dəyişib.

Aktyorun sözlərinə görə, bu gün onun əsas prinsipi intizamlı olmaq, bədəni dinləməyi bacarmaq, şəraitə uyğunlaşmaq və çətin olsa belə hərəkətdən qalmamaqdır. O hesab edir ki, insanların çoxu ağrıdan qorxduğu üçün vaxtından əvvəl təslim olur və bədənlərinin əsl potensialını heç vaxt kəşf edə bilmir.

Şvartsenegger etiraf edib ki, yaşlanmaq asan deyil. O, bud-çanaq oynağının protezləşdirilməsi əməliyyatı keçirib, ürəyindən və çiynindən bir neçə dəfə əməliyyat olunub.

Ürək əməliyyatlarından sonra həkimlər ona ağır çəkilərlə məşq etməyi qadağan ediblər. Buna görə də məşqlərinə demək olar ki, sıfırdan başlayaraq yüngül çəkilər və yüksək konsentrasiya ilə davam etməli olub.

Aktyor deyib ki, onun da səhərlər oynaqlarının ağır olduğu və yataqdan qalxmaq istəmədiyi günlər olur. Ancaq belə anlarda ilham gözləmir, birbaşa məşqə yollanır. Onun sözlərinə görə, məşqdən sonra bədəni yenidən özünü yaxşı hiss etməyə başlayır.

Şvartsenegger insanların zamanla fərqinə varmadan həyat dairəsini daraltdığını da vurğulayıb. Əvvəl diz ağrılarına görə pilləkənlərdən imtina edilir, sonra axşam gəzintiləri təxirə salınır. Nəticədə ağrı və hərəkətsizlik insanın təkcə rahatlığını deyil, həm də müstəqilliyini əlindən almağa başlayır.

Hazırda onun məşq proqramı 20 yaşındakı dövrlə müqayisədə tamamilə fərqlidir. Şvartsenegger ağır çəkilər əvəzinə yüngül çəkilərdən istifadə edir, hərəkətləri daha çox təkrar edir, qısa fasilələr verir. Qaçışı xizək sürərkən isə artıq bütün günü deyil, yalnız yarım gün məşq edir.

Aktyorun illərdir həyat şüarına çevrilən bir ifadə də var:

"Əgər dincəlsən, pas atarsan".

O bildirib ki, kumiri Teodor Ruzveltin bu fikri yaş artdıqca onun üçün daha böyük məna kəsb edir.

Şvartsenegger sonda yaşla bağlı stereotiplərin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, elmi araşdırmalar göstərir ki, insanlar hətta 80 və 90 yaşlarında da əzələ gücünü artırmaq və fiziki formalarını yaxşılaşdırmaq imkanına malikdirlər.

idman məşq

Mənbə: lent.az

Xəbər lenti