IMG-LOGO

Niyə özümüzdən daha çox başqalarının fikirlərinə etibar edirik?

16 Jul 2026 13:17 2 baxış
IMG
0 0

İnsanlar adətən öz maraqlarını qorumağa çalışsalar da, şübhə anlarında öz dəyərləri barədə qərar vermək hüququnu asanlıqla başqalarına verirlər. Yazıçı Mal Ceyms iki min ildən artıqdır dəyişməyən bu psixoloji xüsusiyyətə diqqət çəkib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, filosof və Roma imperatoru Mark Avreli hələ iki min il əvvəl şəxsi qeydlərində bu ziddiyyət barədə yazıb.

O, insanların özlərini hamıdan çox sevdikləri halda, özləri barədə şəxsi fikirlərini başqalarının rəyi qədər dəyərli saymamalarını təəccüblü hesab edib.

Bu fikir müasir insanın davranışını da dəqiq təsvir edir. İnsan hər hansı iş görür, hələ nəticənin özünün xoşuna gəlib-gəlmədiyini müəyyənləşdirməmiş artıq ətrafdakıların buna necə reaksiya verəcəyini düşünməyə başlayır.

Bu vərdiş yaradıcı insanlarda xüsusilə aydın görünür. Məsələn, müəlliflərin yazdıqları mətni davamlı olaraq dəyişməsi və “cilalaması” həmişə real ehtiyacla bağlı olmur. Çox vaxt bunun arxasında oxucuların reaksiyası ilə bağlı narahatlıq dayanır. Müşahidələr isə göstərir ki, müəlliflərin qüsursuz görünməyə çalışmadığı, uğursuzluq və səhvlərindən səmimi şəkildə danışdığı yazılar daha çox maraq doğurur.

Məqalədə Kornell Universitetinin Entoni Barrou və Nikolett Reynon tərəfindən 2016-cı ildə aparılan araşdırmasına da istinad edilib. Alimlər müəyyənləşdiriblər ki, sosial şəbəkələrdə alınan bəyənmələr əsasən həyat məqsədini zəif hiss edən insanların özünəinamını artırır.

Barrounun sözlərinə görə, həyatda daha güclü məqsəd hissinə malik olan şəxslərin özünəverdiyi dəyər onlara çox sayda bəyənmə aldıqları bildirildikdə belə yüksəlməyib.

Smartfonlar və sosial şəbəkələr insanın bu qədim xüsusiyyətini daha da gücləndirib. Mark Avrelinin dövründə başqalarının fikrini öyrənmək üçün həftələrlə gözləmək lazım gəlirdisə, indi səhifəni yeniləmək və bəyənmə, baxış və izləyici sayını görmək kifayətdir.

Müəllif bu asılılıqdan qurtulmaq üçün sadə bir üsul təklif edir. Hər hansı qərar verməzdən əvvəl insan özündən soruşmalıdır ki, bu seçimin səbəbi həqiqətən ona məxsusdur, yoxsa xəyalında yaratdığı auditoriyanı razı salmaq cəhdidir.

filosof fikir

Mənbə: lent.az

Xəbər lenti