IMG-LOGO

Gecəni hava limanında keçirmək mümkündürmü - "gizli" rahatlıq zonalarını haradan tapmaq olar?

08 Jul 2026 16:09 3 baxış
IMG
47 0

Gecə tranziti, reysin ləğv edilməsi və ya səhər erkən uçuşdan əvvəl hotel xərclərinə qənaət etmək istəyi bir çox sərnişini hava limanında gecələməyə vadar edir. Lakin bütün aeroportlarda buna eyni qaydada yanaşılmır. Bəzi hava limanlarında terminalda gecələmək adi hal hesab olunsa da, digərlərində bu, təhlükəsizlik qaydalarına görə qadağandır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hava limanlarında gecələməyin qaydaları, rahat istirahət üçün məsləhətlər və hansı aeroportlarda buna icazə verildiyi barədə verir.

Hava limanında gecələmək qanunidirmi?

Əvvəlcə onu bilmək lazımdır ki, bütün hava limanları gecə-gündüz fəaliyyət göstərmir. Sinqapurdakı Changi, İstanbul, Frankfurt kimi böyük beynəlxalq hava limanları 24 saat açıq olur və burada gecələyən sərnişinlər adi hal sayılır.

Lakin bəzi kiçik Avropa hava limanları gecə saatlarında bağlanır. Belə hallarda sərnişinlər terminalı tərk etməyə məcbur edilir.

Gecələmə qaydaları olduğunuz zonadan da asılıdır.

Ümumi zona (Landside) – təhlükəsizlik nəzarətindən əvvəl yerləşən hissədir. Burada təhlükəsizlik əməkdaşları sənədlərinizi və minik talonunuzu yoxlaya bilər. Səhər uçuşuna biletiniz yoxdursa, terminalı tərk etməyiniz tələb oluna bilər.

Tranzit zonası (Airside) – pasport və təhlükəsizlik nəzarətindən sonra yerləşən hissədir. Gecələmək üçün ən təhlükəsiz yer hesab olunur.

Bəzi ABŞ və Qərbi Avropa hava limanlarında döşəmədə uzanmaq, keçidləri bağlamaq və təxliyə çıxışlarının qarşısında yatmaq qadağandır.

Hava limanında rahat yatmaq üçün haranı seçmək lazımdır?

Əlavə pul ödəmədən gecələmək istəyənlər üçün bir neçə uyğun məkan mövcuddur.

Sakit istirahət zonaları (Rest Zones və Quiet Zones) adətən tranzit hissəsində yerləşir və burada pulsuz şezlonqlar olur. Uzun müddət istifadə olunmayan çıxış qapılarının (gate) yaxınlığı da sakit olur. Burada işıq zəiflədilir və sərnişin sayı azalır.

Bəzi iri hava limanlarında fəaliyyət göstərən ibadət otaqları da sakitliyi ilə seçilir. Burada uzanmağa icazə verilməsə də, kresloda dincəlmək mümkündür. Bağlanan kafe və restoranların yumşaq divanları da gecə istirahəti üçün əlverişli seçim ola bilər.

Hansı hava limanlarında gecələməyə icazə verilir?

Varşava Şopen (WAW), Varşava Modlin (WMI), Krakov (KRK), Katovitse (KTW), Budapeşt (BUD), Kişineu (RMO), Milan Berqamo (BGY, müəyyən məhdudiyyətlərlə), Paris Şarl de Qoll (CDG, müəyyən məhdudiyyətlərlə), London Luton (LTN), London Stansted (STN, müəyyən məhdudiyyətlərlə), Buxarest Otopeni (OTP), Frankfurt (FRA), Münhen (MUC), İstanbul Hava Limanı (IST) və Amsterdam Sxiphol (AMS) hava limanlarında sərnişinlər gecəni terminalda keçirə bilirlər.

Bu hava limanlarının əksəriyyətində istirahət zonaları, enerji doldurma məntəqələri, bəzi hallarda isə ödənişli yuxu kapsulları fəaliyyət göstərir.

Gecələməyə icazə verilməyən hava limanları

Paris Bove (BVA) və Brüssel Şarlerua (CRL) hava limanlarında terminallar gecə saatlarında tam bağlanır. Son uçuşdan sonra bütün sərnişinlər binanı tərk etməlidirlər.

Hava limanında rahat gecələmək üçün məsləhətlər

Əşyalarınızı təhlükəsiz saxlayın, çantanızı yastıq kimi istifadə edin, qiymətli əşyaları daxili ciblərdə saxlayın və böyük çamadanın qayışını qolunuza və ya ayağınıza keçirin. İsti geyim götürün, çünki yay aylarında belə terminallarda kondisionerlər səbəbindən hava soyuq olur. Yuxu maskası və qulaq tıxacından istifadə edin, çünki işıqlar söndürülmür və tez-tez səsli elanlar verilir. Elektrik rozetkası olan yerləri əvvəlcədən tutmağa çalışın ki, bütün cihazlarınızı rahatlıqla enerji ilə doldura biləsiniz.

Bundan başqa, təcrübəli səyahətçilər Sleeping in Airports platformasından istifadə etməyi tövsiyə edirlər. Burada dünyanın müxtəlif hava limanları barədə sərnişin rəyləri, rahat istirahət guşələri, pulsuz duş, gecə işləyən Wi-Fi və digər faydalı məlumatlar paylaşılır.

Mütəxəssislərin fikrincə, hava limanında gecələmək rahatlıq və qənaət arasında seçimdir. Əvvəlcədən hazırlaşdıqda bu təcrübə çətinlikdən çox maraqlı səyahət xatirəsinə çevrilə bilər.

travel səyahət hava limanı

Mənbə: lent.az

Xəbər lenti