IMG-LOGO

Evlənəndə soyadından imtina etmək olmaz - Numeroloq-astroloqla MÜSAHİBƏ

08 Jul 2026 14:15 3 baxış
IMG
2 0

Son illər cəmiyyətdə numerologiya ilə astrologiya mövzuları böyük maraq doğurur. Doğum tarixinin, adların, bürclərin insan taleyinə təsir edib-etmədiyi, nə dərəcədə doğru olması müzakirələrə səbəb olur. Kimisi bunları qədim biliklərə əsaslanan istiqamət hesab edir, kimisi isə sadəcə inanc və fərdi yanaşma kimi qiymətləndirir.

Şüuraltı elmlər, rəqəmsal psixomatika və astrologiya üzrə mütəxəssis Gövhər Sulcan Lent.az-a müsahibəsində bu mövzulara toxunub.

- Gövhər xanım, doğum tariximiz taleyimizə təsir edə bilir?

- Əlbəttə. İnsanın taleyi doğulduğu gün yazılır. Doğum ili, ayı, günü, eləcə də saatı bizim üçün yol göstərən xəritə rolunu oynayır. Valideynlər hələ övladları kiçik yaşlarda olarkə bizə müraciət edirlər ki, uşaqlarımızı hansı sahəyə yönləndirsək, daha uğurlu olar? Əslində numerologiya, müasir elm deyil. Çox qədimdən, arxetiplərdən, rəqəmlərin üzərindəki simvollardan gəlib günümüzə qədər çatıb. Lakin numerologiyanın indi bu qədər aktual olmasının səbəbi Rusiyadan gələn dərin sistemlə - müasir hesablama texnikası ilə bağlıdır. Biz şüuraltını simvollar hesabına oxuyuruq və beləcə, həmin şəxsin hansı sahədə xoşbəxt olacağını deyə bilirik.

- Rəqəmlərin arxasındakı simvollara baxırıq, deyirsiniz. Bəs hansı rəqəmdə hansı simvolun olduğunu necə bilirsiniz?

- Klassik numerologiyada birdən doqquza qədər danışırıq. Hesablamalarda rəqəm doqquzdan çox olduqda onları da tək-tək toplayıb tək rəqəmə endirirdik. Lakin bu sistemin fərqi ondadır ki, biz doqquz yox, iyirmi iki arxetipdən bəhs edirik. Rəqəmləri müəyyən qayda ilə hesablayandan sonra ortaya missiya çıxır. Həmin missiyanın rəqəminə görə, ruhun harada, hansı sahədə, hansı həyatda özünü tapa biləcəyini söyləyə bilirik. Bundan sonra astrologiyaya keçirik. Astrologiya daha dərin qatlar barədə xəbər verir. Hər bürcün simvolları, elemetləri - hava, su, od, torpaq var. Rəqəmlərdə də dişi və erkək enerjilər olur. Küsəyən, tez inciyən bəylərin rəqəmlərində dişi arxetiplər var. Ümumiyyətlə, doğum tarixinə baxandan sonra insanın necə biri olduğunu, onunla nələri danışmaq lazımdır, bunu bilirik.

Arxetiplərdə insanın kimliyi gizlənir. Çox istəyərdim ki, ibtidai sinif müəllimləri və insan resursları üzrə mütəxəssislər (HR) bu sahədə anlayışlı olsunlar. Belə olduqda müəllimlər şagirdlərin xüsusiyyətlərini müəyyən edəcək, onları uğurlu olacaqları yola istiqamətləndirəcək, HR-lar isə işə götürəcəyi şəxslərin potensialını görə biləcəklər. Bizə satış təmsilçisi lazımdırsa, rəqəmlərində 1, 15 olan adamlar axtarmalıyıq. Rəqəmlər təkcə potensialı göstərmir, insanların qaranlıq tərəflərindən də xəbər verir. Yəni onun “quyruğuna” basılsa, özündən asılı olmayaraq hansı reaksiyaları verəcək? Bunu da görürük.

- Gövhər xanım, rəqəmlərdən danışdıq bəs adlar? Uşaqlara qoyulan adların onların gələcəyinə hansı təsirləri var? Hansı adların qoyulması məsləhətli deyil?

- Adlar da insan taleyinə təsir edə bilir. İlk növbədə istinadən ad seçmək tövsiyə edilmir. Bura nənə, baba, yaxud hansısa məşhur şəxsin, sevdiyimiz birinin adı daxildir. Belə adlar az da olsa, istinad etdiyimiz şəxsin mənfi və müsbət enerjisini daşıyır. İkinci məsələ adın məna kəsb etməyidir. Bəzən gözəl səslənən bir ad ağır məna daşıyır. Adını anası və ya ana nənəsi qoyan uşaqlar çox uğurlu olurlar.

Ad analizlərində doqquz çakradakı boş qalan hərflərə baxırıq. Boşluqlar varsa, onun yanına ikinci ad əlavə edirik ki, enerji tamamlansın. Amma bu ad da mütləq məna daşımalıdır.

Uşaqlara qısa adların verilməsi tövsiyə olunmur, xüsusən də təkhecalı. Fikir versəniz qədim dövrlərdə insanların adları da ömürləri də uzun idi. Ad analizlərində ad və soyad bir yerdə hesablanır. Doqquz çakraya üç hərf düşməlidir. Məsələn a,s,j birinci, b,k,t ikinci çarka. Biz ad analizlərində müəyyən edirik ki, bu insanın hansı çakrasında boşluqlar var?

- Bəs evlənərkən qadının soyadını dəyişməsi doğrudur?

- Soyadı dəyişmək əslində düzgün deyil. Soyad bizim soylarımızdan gəlir. Evlənəndən sonra öz soyadından imtina etmək başqasının soyuna keçmək deməkdir. Ya ümumiyyətlə, soyadınızı dəyişməməliyik, ya da hər iki soyaddan da istifadə etməliyik. Əslində, hər iki soyadın adın yanında olması daha yaxşıdır. Çünki bu hərflər doqquz çakradakı boşluqları doldurur.

Bəzən partnyorun soyadını götürəndə onun karmik proqramlarını da alırıq. Həmçinin qadın başqa kişinin adına keçirsə, öz soyundan imtina edir. Soylar isə bəzən belə halları dəstəkləmir. Mənim şəxsi tövsiyəm odur ki, qadın soyadından imtina etməsin. Əgər buna görə ailədə problem yaranırsa, o zaman hər iki soyadı birgə istifadə etsin.

- Bir az da astrologiyadan danışaq. Bürc proqnozlarına inanmaq olar? Ümumiyyətlə, bürclərə aid ortaq proqnoz hamıya aiddir?

- Proqnozlar doğrudur, lakin ümumi yox, fərdi olduqda. Məsələn, əkizlər bürcünün 2026-cı il proqnozu bütün əkizlərə aid deyil. Yaxud heç bir karmik borcumuzu, öhdəliyimizi yerinə yetirməyib, həyatı necə gəldi yaşayıb, Yupiter planeti şir bürcündədir, deməli şirlər parlayacaq kimi düşünə bilmərik. Bu parlama eqo, insanların haqqına girən şir bürclərinə aid deyil. O şirlər parlayacaq ki, onlar heç kimə haqsızlıq etməyib, doğru yolda irəliləyib. Buna görə də individual yanaşmaq lazımdır. Ümumi proqnozlar hamı üçün bir-iki faiz düz çıxa bilər.

Günəş bürcü bizə hansı sahədə parlaya biləcəyimizi, ay bürcü isə daxili dünyamızdan xəbər verir. Günəş bürcü əkizlər olanlar müəllimlikdə, sosial mediada, incəsənətdə texnologiyalarda və ünsiyyət olan sahələrdə uğurlu ola bilərlər. Günəş bürcü xarakteri söyləmir, bunu ay bürcü isə bilmək olur.

- Doğum saatı ilə hesablamalar aparılır. Amma çox insan dəqiq doğum saatından xəbərsizdir. Bu halda doğum xəritəsini necə hesablamaq olar?

- Astrologiyada saat çox önəmlidir. Ən azından doğum vaxtını üç-dörd saat aralıqla bildikdə ona uyğun hesablamalar edə bilirik. Astrologiyada təkcə bürclər yox, dərəcələr də var. Məsələn müğənni Tarkan tərəzi bürcüdür, iyirmi üç dərəcə altında, xüsusi ulduzla dünyaya gəlib. Məhz həmin ulduz onu kütləyə sevdirib, meqastar edib. Bəzi ulduzlar var ki, onlar şöhrət gətirir, bəziləri isə lənət.

- Lənətli ulduzlar dediniz. Xəritəyə baxanda bu ulduz altında doğulanları nəyin gözlədiyini bilmək olur?

- Bəzi insanlar təcavüzkar, cinayətkar, pis əməllər törədirlər. Necə olur ki, digərləri yox, məhz onlar bu yolu seçiblər? Onların xəritələrində bunların hər biri görünür. Əvvəldən həyatın bizi para çəkə biləcəyindən xəbərimiz olur, potensialımızın fərqinə varırıq.

- Hal-hazırda merkuri retrosu deyilən dövrdəyik. Bu retro hansı bürclərə müsbət və mənfi mənada təsir edir?

- Merkuri retrosu iyunun ayının sonundan başlayıb, iyirmi bir-iyirmi iki gün davam edəcək. Əvvəlcə, merkuri planetinin nəyi göstərdiyini bilməliyik. Merkuri bizim zehnimiz, beynimizdir. Hazırda o retrodadır, yəni geriyə doğru gedir, üstəlik bu günlər xərçəng bürcüdür. Xərçəng ailə mövzularını əhatə edir. Keçmişdən gələn ailəvi məsələlər açılır, mübahisələr yaşanır. Ümumiyyətlə, merkuri retrosunda ağızdan çıxan sözlərə diqqət etmək lazımdır. Bu dövrdə verilən qərarlar sonradan peşmanlıqla nəticələnir. O an coşub söylədiyiniz sözlər retro bitəndən sonra sizə ancaq zərbə vurur.

- Bəs bu ərəfədə daha nələrdən çəkinməliyik?

- Merkuri retrosunda imza atmaq, hansısa bir işə başlamaq, təhsillə bağlı qərar, yaxud hansısa ciddi qərar vermək olmaz. İyulun 25-nə qədər stabil qalmaq daha məsləhətlidir. Merkuri retrosunda dua etmək, şəfalanmaq, meditasiya etmək lazımdır. Cavab vermək, söz savaşına çıxmaq qətiyyən olmaz.

26 apreldən Uran – dəyişim planeti buğadan əkizlərə keçib. Tam yeddi il bu bürcdə qalacaq. Ən son Uran əkizlər bürcündə 1940-cı ildə olub. Həmin illərə nəzər salsaq müharibəni görəni, ilk teleqrafın kəşfini, texnologiyanın ən böyük inkişafını görə bilərik.

Son vaxtlar havaların dəyişməsi də bu bürclə əlaqəlidir. Əkizlər bürcü hava elementidir, Uran isə dəyişiklik planeti. Ani dəyişkənlik havaya, eləcə də xəritəsində əkizlər olan şəxslərə təsir edir. Əkizlər bürcü telekommunikasiyadır. Süni intellekt inkişaf edir, insanlar doğru ilə yalanı ayırd edə bilməyəcəklər. Qeyri-adi kəşflər yaranacaq, amma bunlarla yanaşı, insanlar sözlərlə bir-birlərini incidib, zərbə vuracaqlar, bir anda fikirləri dəyişəcək. Baxaq əvvələ, yeddi il bundan əvvəl Uran buğa bürcündə idi. Pandemiya, aclıq, qiymət artımı özünü göstərirdi.  

- 2026-cı ilin ikinci yarısına keçmişik. Bu müddətdə ən şanslı bürclər hansılardır?

- İyun ayının 30-dan etibarən Yupiter şir bürcünə keçdi. Yupiter şans, bərəkət, uğurdur. Lakin bu planet bir o qədər də məsələləri böyüdə bilir. Şir bürcü öz neqativində eqo, təkəbbürü, pozitifində isə potensialını göstərə biləcək. Şirin enerjisi müsbət mənada ən çox od ünsürü olan bürclərə, oxatanlara, qoçlara, eləcə də şir bürclərinin özünə təsir edəcək.

Şir bürcünün atası ilə problemi varsa, o heç vaxt uğurlu ola bilməyəcək. Çünki onun elementi günəşdir, günəş isə atadır. Bu bir ildə ata ilə halallaşma, ata adına sədəqə vermək, xüsusən uşaqlara kömək etmək lazımdır. Eqodan, təkəbbürdən mənəm-mənəmlikdən uzaq durmaq lazımdır.

Şir bürcü qızılı da təmsil edir. İlin ikinci yarısında qızılın qiymətində artım görəcəyik.

- Belə bir düşüncə var, xüsusən də qadınlar buna inanırlar. Bütün gün özünə “mən gözələm, mən zənginəm, mən sevilirəm”, deməklə, buna nail olmaq olar. Bu nə dərəcədə doğrudur?

- Bunlar hər kəsə aid deyil. İnsanın xəritəsinə əsasən bu sözlərin ona təsir edib-etməyəcəyini söyləmək olar. Rəqəmində üç olanlar, məsələn ayın üçü, iyirmi beşi və otuzu doğulanlar kraliça enerjisi daşıyırlar. Ona görə də insan ilk növbədə ayını, gününü, ilini bilməlidir.

- Evlənəndə xüsusi gün seçənlər var. “Zerkalnıy” rəqəm kimi tanıdığımız, məsələn 06.06.26. Bu günlərdə evlənməyin münasibətə müsbət təsiri var?

- Evlilik üçün ilk növbədə sinastriya hesablamasını tövsiyə edirəm. Onların bir-birlərinə uyğun olub-olmadıqları müəyyən edilməlidir. Astrologiyada isə bəzi bürclər var ki, onlar düşmən hesab olunurlar. Bir araya gəlməmələri tövsiyə olunur. Ailə qursalar belə, əvvəl-axır sağollaşmalı olacaqlar. Bunlar buğa-şir, əqrəb-əkizlər, oxatan-qoç bürcləridir. Bir-birlərinə sərt mövqedə olduqları üçün bu bürcün sahibləri uyğunlaşa bilməyəcəklər.

Klassik numerologiyada doqquz hesablama var. Doqquzuncu döngüdə imza atmaq olmaz. Evlənsəniz belə, nikah üçün birinci döngüdə imza atın. Klassik numerologiyada dörd, yeddi və doqquzuncu döngüdə evliliyi məsləhət görmürük.

- Bunu necə hesablamaq olar?

- Doğulduğunuz günü, ayı və imza atacağınız ilin rəqəmlərini toplayırsınız. Məsələn, mayın 31-i doğulmusunuz və bu il hansısa işə imza atmaq istəyirsinizsə, həmin tarixin rəqəmlərini tək-tək toplayırsınız. 3+1+5+2+2+6=19. Yekun rəqəmi toplayıb tək rəqəmə gətirirsiniz. 1+9=10. 1+0=1.

Sizin rəqəminiz birdirsə, hansısa işə başlamaq olar. Üç rəqəmi isə ən bərəkətli hesab olunur. Birdə nə əksəniz, üçdə onun xeyrini görəcəksiniz. İkinci bəhrəli dövr altı hesab olunur, səkkizdə o daha daha da gözəlləşir, doqquzda isə yekunlaşır. Həyat bizə deyir ki, rəqəmiz doqquzdursa, bir il gözlə və yeni bir addım at.

Klassik rəqəminiz doqquzdadırsa, tövsiyə edirəm ki, dualar, meditasiyalar edin, ziyarətlərə gedin, tamamlanmalı işlərinizi görün, maddi-mənəvi borclarınız varsa, onları bağlayın, elmlər öyrənin.

- Xəyanətkar, flirtə meyilli, sədaqətsiz bürc anlayışı var?

- Kişilərdən söhbət gedirsə, burada flirtə meyilli əkizlər, qız, şir bürcləridir. Ancaq bu bürclər müəyyən qədər həvəs üçün bu işi tuturlar. Birbaşa xəyanət edən bürclər isə oxatan, qoç, buğa və əqrəblərdir. Münasibətinə xəyanət etmək yerinə, onu dürüst şəkildə bitirənlər xərçəng, qız, tərəzi və balıq bürcünün kişiləri aiddir. Bu bürclərə sahib olan partnyorunuz varsa, onlar açıq-aşkar formada sizi istəmədiyini göstərəcək. Xüsusən xərçəng bürcləri analarına çox bağlıdırlar.

- Xərçəng bürcü kişilərinin anaları da oğullarına çox bağlı olurlar.

- Kişinin Venerası, ay bürcü, marsı və yaxud merkurisi xərçəngdədirsə, onun eşqi anasıdır.

- Pulun bərəkəti deyilən bir anlayış var. Kiməsə, yaxud bir dilənçiyə yazığın gəlib pul vermək bərəkəti aparır, yoxsa bu fikir yanlışdır?

- İnsan öz qazancından hər ay müəyyən qədər sədəqə verməlidir. Bu zəkat çıxarılmasa, başqa bir formada malından yaxud canından çıxacaq. Sadəcə sədəqə verəndə müəyyən niyyət etmək lazımdır. Sədəqə verəcəyimiz şəxslər yaşlılar, uşaqlar, xəstələr, işləmək qabiliyyəti olmayan şəxslər, eləcə də heyvanlardır. Pul dilənən adamlara sədəqə vermək onlara rahat həyata öyrətməkdir. Yaxud öz övladına, bacı, qardaşına yaxşılıq etmək üçün daim pul vermək onları komfort zonaya salır, karmik sahəsinə girir.

Xəritəsində torpaq elementləri olanlar – buğalar, oğlaqlar, qız bürcləri ağacları sulamalı, bitki əkməli, təbiəti mühafizə etməlidirlər. Su elementi olan bürclərin su kənarında etdiyi, hava ünsürü olan bürclərin əllərini havaya açıb, üzünü göyə tutaraq etdiyi, od elementləri şam yandırıb onun atəşində etdiyi dualar çox gözəl qəbul olur.  

- Bəs kiminsə dərdində kədərlənəndə, "necə yaşayacaq bu problemlə?", deyəndə, həyat bunu bizə yaşadır?

- Bu, hər kəsə aid deyil. Xəritəsində iki və on səkkiz olan insanlar neqativ mahnılar belə, dinləməməlidirlər. Çünki o insanlar həmin hissi yaşayırlar. Özünü kiminsə yerinə qoyub, necə yaşayacaq? Sualını verəndə həyat sənə o sualın cavabını qaytarır. Həmçinin xəritəsində səkkiz enerjisi olanlar qınadıqlarını çox tez yaşayırlar.

- Fala inanan, fal baxdıran insanların enerjisi korlanır?

- Falçı sizi proqramlayır, konkret bir yol göstərir. Üstəlik fal tanrıya şərik qoşmaqdır. Fal uyuşma effekti yaradır. Əvvəlcə hər şey gözəl görünür, arxasında isə daha pis hadisələr yaşanır. Onsuz da falçıya pis niyyətlə üz tuturlar, başqasının yolunu bağlamaq, kiməsə nəyisə etdirmək, özünün yaxşılığı üçün başqa birinə pislik etmək.

İndi elə bir dövrə gəlmişik ki, şuman rezonansının tezliyi artıb. Pislik edən insanlar daha tez cavablarını alırlar. Əvvəllər isə bu belə deyildi.

- Bəzi adamların iki doğum tarixi olur. Biri həqiqətən doğulduğu gün, biri isə sənədlərdə səhv yazılmış tarix. Bu adamların həyatında nə baş verir?

- Başqa gündə doğulub, vəsiqəsinə başqa tarix yazılan insanların karmalarını ikiyə vurun. Mən indiyə qədər ikili doğum tarixi olub xoşbəxt, möhtəşəm həyat yaşayan insanla rastlaşmamışam. 

Foto – Rüfət Mustafayev © APA GROUP

astroloq numeroloq astrologiya numerologiya Gövhər Sulcan karmik borc planetlər bürc bürclər

Mənbə: lent.az

Xəbər lenti