IMG-LOGO

Dondurma və qatıq bağırsaqlar üçün təhlükəli imiş

03 Jul 2026 18:31 3 baxış
IMG
0 0

Dondurma, yoqurt və bitki mənşəli içkilərin tərkibində geniş istifadə olunan E407 (karragenan) qida əlavəsi bağırsaq sağlamlığına mənfi təsir göstərə və bəzi xəstəliklərin riskini artıra bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qidaların qatılaşdırılması və sabitliyinin qorunması üçün istifadə olunan karragenan orqanizmdə iltihabi proseslərlə və 2-ci tip diabet riskinin artması ilə əlaqəli ola bilər.

Araşdırmalar göstərib ki, bu qida əlavəsi bağırsağın xroniki iltihabi xəstəliklərinin yaranmasına, xoraların əmələ gəlməsinə və qanda şəkərin tənzimlənməsinin pozulmasına təsir göstərə bilər. Alimlər xüsusilə onun həzm sistemi və karbohidrat mübadiləsinə təsirini araşdırıblar.

Tədqiqatın nəticələrinə görə, karragenan nazik bağırsağın keçiriciliyini artıra bilir. Bu isə iltihabi proseslərin yaranmasına və sonradan müxtəlif sağlamlıq problemlərinin inkişafına şərait yarada bilər.

Karragenan qida sənayesində qatılaşdırıcı və stabilizator kimi istifadə olunur. Bu səbəbdən E407 əlavəsinə süd desertlərində, dondurmada, yoqurtda, əridilmiş pendirlərdə, bitki mənşəli içkilərdə, kolbasa və ət məhsullarında, aşağı kalorili qidalarda, hazır şorba və souslarda, həmçinin bəzi şokolad, meyvə içkiləri və jele məhsullarında rast gəlinir.

Araşdırmada bədən kütlə indeksi 30-dan aşağı olan sağlam gənc kişilər iştirak ediblər. Onların bir qrupuna iki həftə ərzində ABŞ-də gündəlik orta istehlak səviyyəsinin 2-3 qatına uyğun miqdarda karragenan verilib, digər qrup isə plasebo qəbul edib.

Nəticədə karragenan qəbul edən iştirakçılarda nazik bağırsağın keçiriciliyinin artdığı müəyyən edilib. Alimlər hesab edirlər ki, bu dəyişiklik bağırsaq baryerinin funksiyasını zəiflədərək iltihabi xəstəliklərin yaranma riskini artıra bilər.

Tədqiqat həmçinin göstərib ki, karragenanla zəngin qidalanma artıq çəkili insanlarda insulinə həssaslığı azalda bilər ki, bu da 2-ci tip diabet riskini yüksəldən amillərdən biridir. Həmin iştirakçılarda qanda iltihab göstəricilərinin artdığı və iştaha ilə qlükoza mübadiləsini tənzimləyən hipotalamus nahiyəsində iltihab əlamətlərinin müşahidə olunduğu bildirilib.

Mütəxəssislər qeyd edirlər ki, bu nəticələr karragenanın sağlamlığa mümkün təsirlərini göstərsə də, onun insan orqanizminə uzunmüddətli təsirini dəqiq qiymətləndirmək üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var. Bununla yanaşı, qida məhsullarının tərkibini oxumaq və E407 kimi əlavələrin istehlakını normada saxlamaq tövsiyə edilir.

bağırsaq sağlıq

Mənbə: lent.az

Xəbər lenti