Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə əhalinin sayının azalmasından narahatlığını ifadə edib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı Efiopiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyə ailə məsələsini bu ilin vacib başlıqlarından biri kimi önə çıxarır.
"Şükür, hazırda biz Rusiyanın təzə yetişdiyi səviyyədəyik. Rusiya bu sahədə çox ciddi addımlar atır. Əhali artım tempinin qorunması və ailə quruluşunun mühafizəsi üçün işlər aparırlar. Onlar da əhali artımını təşviq edən proqramlar hazırlayırlar".
Bununla belə, Türkiyə lideri ölkə əhalisinin sayında azalma olduğunu vurğulayıb. O bildirib ki, bu istiqamətdə qeydə alınan göstəricilər "həyəcan siqnalı vəziyyətinə" keçmək zərurətini doğurur:
"Həm əhalinin, həm də ailə institutunun qorunması üçün hakimiyyət olaraq tam səfərbər olmuşuq. Bu çərçivədə atacağımız çox ciddi addımlar var".