IMG-LOGO

İlanlar bir-biri ilə döyüşəndə zəhərdən istifadə etmirlər - Sirri AÇIQLANDI

02 Jul 2026 18:14 3 baxış
IMG
1 0

İlanlar dişi uğrunda mübarizə apararkən belə ən təhlükəli silahları olan zəhərdən istifadə etmirlər. Mütəxəssislərin sözlərinə görə, bu davranış milyonlarla il davam edən təbii seçmənin nəticəsidir.

Lent.az xarici KİV-ə istinadən xəbərinə görə, nerpetoloq, Ukrayna Milli Elmlər Akademiyasının Şmalhauzen adına Zoologiya İnstitutunun kiçik elmi işçisi Aleksey Maruşçak bildirib ki, erkək ilanlar rəqibləri ilə qarşılaşdıqda demək olar heç vaxt bir-birini zəhərli dişləmirlər. Onlar daha çox bir-birlərini itələyərək güclərini nümayiş etdirirlər.

Alimin sözlərinə görə, dişi uğrunda mübarizə zamanı da ilanlar zəhərdən istifadə etmirlər. Maruşçak izah edib ki, bu davranış təkamül baxımından daha sərfəlidir. Əgər ilanlar hər qarşıdurmada bir-birini zəhərləsəydilər, hər iki tərəfin ölməsi ehtimalı yüksək olardı. Bu isə növün sağ qalmasına mənfi təsir göstərə bilərdi.

Mütəxəssis bildirib ki, bir ilan digərini dişləsə, qarşı tərəf də eyni şəkildə cavab verə bilər. Nəticədə hər iki ilan həyatını itirər. Buna görə də təkamül prosesində bu qarşıdurmalar ritual xarakter alıb. İlanlar bir-birlərini itələyir, bədənlərini qaldırır və üstünlüklərini nümayiş etdirirlər, lakin zəhərli dişləmədən istifadə etmirlər.

Ukraynada ekzotik ilanlara daha çox rast gəlinir

Aleksey Maruşçak son dövrlərdə Ukraynada küçələrdə ekzotik ilanların aşkar olunması hallarının artdığını da bildirib. Onun sözlərinə görə, əsasən boa ilanları, pitonlar və hətta kral kobraları tapılır. Mütəxəssis hesab edir ki, bunlar ev şəraitində saxlanılan, sonradan qaçan və ya sahibləri tərəfindən tərk edilən heyvanlardır.

Dünyada neçə zəhərli ilan növü var?

Mütəxəssislərin məlumatına görə, dünyada 4 mindən çox ilan növü mövcuddur. Onlardan təxminən 600-ü zəhərlidir. Lakin bu növlərin yalnız yarısının zəhəri insan həyatı üçün ölümcül hesab olunur. Bununla yanaşı, zəhərsiz ilanlardan da ehtiyatlı olmaq lazımdır. Məsələn, boa ilanları zəhərsiz olsalar da, çox böyük ölçülərə çata və ovlarını boğaraq bütöv şəkildə uda bilirlər.

Yaşıl anakonda isə dünyanın ən iri ilanlarından biri hesab olunur və çox böyük heyvanları belə uda bilir. Alimlər qeyd edirlər ki, bəzi ilan növləri kifayət qədər sürətlidir. Məsələn, qara mamba açıq ərazidə saatda 15 kilometr sürətlə hərəkət edə bilir.

Heyvanlar heyvanlar aləmi ilanlar

Mənbə: lent.az

Xəbər lenti