Müntəzəm və orta intensivlikdə gəzinti qan damarlarının fəaliyyətini yaxşılaşdıraraq və damar müqavimətini azaldaraq arterial təzyiqin aşağı düşməsinə kömək edir. Davamlı nəticə əldə etmək üçün isə sürətli templə yerimək tövsiyə olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hətta axşam yeməyindən sonra edilən qısa gəzinti belə ürək-damar sağlamlığı üçün mühüm faydalar verir.
Təzyiqi azaltmaq üçün nə qədər və hansı sürətlə yerimək lazımdır?
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) qan təzyiqini azaltmaq və ümumi sağlamlığı qorumaq üçün həftədə azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik tövsiyə edir. Orta intensivlikdə fiziki aktivlik dedikdə ürək döyüntüsünü sürətləndirən, tərləməyə və nəfəsin bir qədər tezləşməsinə səbəb olan, lakin eyni zamanda söhbət etməyə imkan verən fəaliyyət nəzərdə tutulur.
Sürətli templə gəzinti buna ən yaxşı nümunələrdən biridir. Tibb üzrə fəlsəfə doktoru Cozef Ebinger bildirib ki, bu müddəti həftədə ən azı beş gün olmaqla hər dəfə 30 dəqiqəlik gəzintilərə bölmək olar. Onun sözlərinə görə, ən vacib məqam ümumiyyətlə hərəkətdə olmaqdır. Çünki istənilən gəzinti heç gəzməməkdən daha faydalıdır. Mütəxəssislər təxminən tələsirmiş kimi, sürətli templə hər dəfə 20-40 dəqiqə yeriməyi məsləhət görürlər.
Nəticə nə vaxt hiss olunur?
Həftədə dörd dəfə məşq edən insanlarda qan təzyiqi, eyni ümumi müddətdə (150 dəqiqə) həftədə cəmi iki dəfə uzunmüddətli məşq edənlərlə müqayisədə daha çox aşağı düşüb.
Mütəxəssislər bildirirlər ki, müntəzəm gəzintiyə başladıqdan sonra qan təzyiqində nəzərəçarpacaq dəyişikliklərin yaranması üçün adətən təxminən üç ay vaxt tələb olunur. Bununla yanaşı, gəzinti yalnız qan təzyiqini azaltmır. O, artıq çəkidən qurtulmağa, qanda xolesterinin səviyyəsini aşağı salmağa, qan şəkərinin daha yaxşı nəzarətdə saxlanmasına və ümumi ürək-damar sağlamlığının yaxşılaşmasına da kömək edir.
Ən faydalı gəzinti rejimi
Mütəxəssislər qan təzyiqini azaltmaq üçün həftədə beş gün, hər dəfə 30-40 dəqiqə sürətli templə yeriməyi ən optimal rejim hesab edirlər. Lakin hər gün və ya tez-tez edilən 20 dəqiqəlik gəzintilər də sağlamlıq üçün əhəmiyyətli fayda verir.
Ən vacib məqam isə insanın uzun müddət davam etdirə biləcəyi gəzinti rejimini seçməsi və onu həyat tərzinə çevirməsidir.
Sağlıq qan təzyiqi həyat tərziMənbə: lent.az