IMG-LOGO

Əlverişli və lüks: Ən ucuz 5 ulduzlu otellərə sahib 10 şəhər

02 Jul 2026 11:08 3 baxış
IMG
0 0

Lüks istirahət bir çox insan üçün əlçatmaz görünsə də, dünyanın bəzi şəhərlərində beşulduzlu otellərdə münasib qiymətə qalmaq mümkündür. Hotels.com platformasının hazırladığı 2026 Hotel Price Index araşdırması dünyanın ən sərfəli 5 ulduzlu otellərinin yerləşdiyi 10 şəhəri müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, siyahıya Vyetnamın sahil şəhəri Nyaçanq başçılıq edir.

Araşdırmaya görə, burada beşulduzlu oteldə bir gecə qalmağın orta qiyməti 70 funt sterlinq təşkil edir. Araşdırma həmçinin göstərib ki, lüks otellərdə daha sərfəli qiymət əldə etmək üçün rezervasiyanı giriş tarixindən təxminən bir həftə əvvəl etmək daha məqsədəuyğundur. Ekspertlər bildirirlər ki, bazar günü axşamları edilən bronlar da daha sərfəli qiymətlər təklif edə bilər.

Ən ucuz 5 ulduzlu otelləri olan şəhərlərin siyahısı belədir:

Nyaçanq (Vyetnam) – orta hesabla 70 funt sterlinq;

Saraqosa (İspaniya) – 120 funt sterlinq;

Vrotslav (Polşa) – 120 funt sterlinq;

Tirana (Albaniya) – 130 funt sterlinq;

Riqa (Latviya) – 130 funt sterlinq;

Zaqreb (Xorvatiya) – 130 funt sterlinq;

Sofiya (Bolqarıstan) – 135 funt sterlinq;

Heraklion, Krit adası (Yunanıstan) – 135 funt sterlinq;

Tallin (Estoniya) – 140 funt sterlinq;

Santo-Dominqo (Dominikan Respublikası) – 140 funt sterlinq.

Araşdırmada bəzi şəhərlərdə beşulduzlu otellərin qiymətlərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşdığı da qeyd olunub. Ən böyük eniş Fransanın Luara bölgəsində qeydə alınıb və burada qiymətlər 32 faiz azalıb. Sonrakı yerlərdə Kanadanın Edmonton şəhəri (31 faiz), ABŞ-ın Virgin adalarındakı Sent-Tomas (30 faiz), Almaniyanın Dortmund şəhəri (21 faiz) və İtaliyanın Turin şəhəri (21 faiz) qərarlaşıb.

Mütəxəssislər hesab edirlər ki, səyahəti əvvəlcədən planlaşdırmaq, rezervasiya vaxtını düzgün seçmək və qiymətləri müqayisə etmək lüks otellərdə belə əhəmiyyətli məbləğdə qənaət etməyə imkan verir.

otel dünya dünyadan xəbərlər travel

Mənbə: lent.az

Xəbər lenti