IX sinif buraxılış imtahanından sonra bəzi kriteriyalara sahib şagirdlər seçilərək öz ixtisas qruplarına uyğun təmayüllü məktəblərə cəlb olunurlar. Onlar növbəti iki il ərzində kursa və əlavə repetitor yanına getmədən universitetə hazırlaşırlar.
Bəs görəsən, təmayül siniflər repetitorluğu ləğv edə bilərmi?
Təhsil eksperti Qoşqar Məhərrəmov Lent.az-a açıqlamasında bildirib ki, təmayüllü məktəblər repetitorluğu tam ləğv edə bilməz:
“Repetitorluq o halda ləğv oluna bilər ki, təmayüllü siniflər bütün məktəblərə şamil edilsin. Çünki bir çox şagird otuz nəfərlik sinifdə dərsi qavramaqda çətinlik çəkir. Onlar mütləq üç-beş nəfərlik sinifdə öyrənə bilirlər. Repetitorlar birbaşa şagirdin ehtiyacı istiqamətində, fərdi işləyirlər. Lakin müəllimlərin məktəbdə elə bir şansı yoxdur.
Təmayüllü məktəblərə IX sinif buraxılış imtahanında 150-dən çox bal toplayan, müəyyən istedadı və qabiliyyəti olan şagirdlər qəbul edilirlər. Həmin şagirdlərə ödənişsiz şəkildə repetitor və ya kurslara getmədən universitetə hazırlaşmaq imkanı yaradılır. Bununla belə, təmayüllü siniflərə qəbul edilməyən şagirdlər çoxluq təşkil etdiyi üçün onlar yenə də repetitorlara müraciət edəcəklər.
Mənim fikrimcə, bütün məktəblər təmayül olmalıdır. X-IX siniflərdə şagirdlərə hazırlaşdıqları ixtisas qrupuna uyğun fənlərin dərsləri keçilməlidir, nəinki bütün fənlər. Lakin biz buna nə infrastruktur, nə də proqram cəhətdən hazır deyilik. Ona görə də pilot layihələrə məcburuq”.
Ekspert qeyd edib ki, istedadlı şagirdləri yığan təmayüllü məktəblər digər məktəblərin akademik nəticələrini aşağı salacaq:
“Bacarıqlı şagirdlərini itirən müəllimlərin də motivasiyası aşağı enəcək. Yerdə qalan şagirdlərin bir çoxunun məqsədləri olmadığından, kor-koranə şəkildə X-XI siniflərdə repetitor yanına gedərək məktəbdən də uzaqlaşacaqlar. Bir sözlə, çətin situasiya bizi gözləyir”.
təmayüllü siniflər repetitorluq Azərbaycan məktəbləri hazırlıq kursları
Mənbə: lent.az